Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt” üzərində 2:1 hesablı qələbədən sonra “Neftçi”nin qapıçısı Aqil Məmmədov oyunla bağlı fikirlərini KİV təmsilçiləri ilə bölüşüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli əlcək sahibi başa düşmədiyi məqamlardan, buraxdığı qoldan, habelə milliyə dəvət almasından danışıb.
– Oyun barədə nə deyə bilərsən?
– Komanda yoldaşlarımı təbrik edirəm. Bu gün yaxşı oynadılar. İsti havaya baxmayaraq, istədiyimiz futbolu sərgiləyə bildik. Tədricən özümüzə gəlirik. Gələcəkdə bundan da yaxşı olacağını düşünürəm.
– İlk iki turda qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirərdin?
– Özümüz də başa düşmürük. Əslində hər şey qaydasındadı. Bizim üçün hər cür şərait yaradılıb. Meydanda isə heç nə alınmırdı. Oyundan əvvəl bir yerdə toplaşıb, bu gün (dünən)mütləq qələbə qazanacaığımıza söz verdik. Bu gün öz oyunumuzu göstərməyi bacardıq. Doğurudu, matçın sonunda yorulmuşduq. Amma bunu isti hava ilə əlaqələndirmək olar.
– Bəlkə, heyətlə bağlı problem var idi?
– Düzdü, heyətdə çatışmazlıqlar var. Gənclərimiz çoxdu. Təcrübəli futbolçular da lazımdı.
– Buraxılan qolu necə şərh edərdin?
– Mənim səhvimdən qol buraxdıq. Topu yaxın küncdən buraxdım. Elə düşündüm hakim qayda pozuntusuna görə oyunu saxlayacaq. Bu, mənə mane oldu. Zərbəyə hazır deyildim. Komandamız mənə görə uduzsaydı, özümü bağışlaya bilməyəcəkdim. Ancaq həmin qol 3 xal qazanmağımızı əngəlləmədi.
– Slovakiyalı yeni qapıçı – Mixal Peskoviç barədə nə deyə bilərsən?
– Ona uğurlar arzulayıram. Hesab edirəm ki, bu transferə ehtiyac var idi. Rəqabət daha çox inkişaf etməyimizə kömək edəcək. 
– Azarkeşlərin bu oyuna az maraq göstərməsini nə ilə izah edərdin? Yəqin ki, bir həftə öncə baş verənləri unutmayıblar…
– Azarkeşlərimizi başa düşmürəm. Amma bu barədə danışmaq istəmirəm. Onları qələbələrimizlə sevindirmək istəyirik.
– Azərbaycan yığmasına dəvət aldın…
– Bu dəvətə görə şadam. Ümid edirəm ki, uğurlu oyunlar keçirə biləcəyik. Xorvatiya ilə ev oyununda heç-heçə, Malta üzərində səfərdə qələbə çox yaxşı olardı. Xalqımız uğurlu nəticələrə layiqdi.
– Millidəki əsas rəqibin Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubunun heyətindəki debüt matçında uğursuz çıxış etdi. Robert Prosineçkinin sənə “1 nömrə” gözü ilə baxacağını düşünmürsən?
– Qərarı baş məşqçi verir. Kimin oynamasının fərqi yoxdu. Əsas qələbə qazanmaqdı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp