Topaz Premyer Liqasının 3-cü turunun son qarşılaşması çərçivəsində keçirilən “Zirə” – “İnter” oyunundan sonra qonaqların baş məşqçisi Zaur Svanadze CBC telekanalına fikirlərini bölüşüb. Futbolinfoinfo.az xəbər verir ki, gürcür mütəxəssis hesabın ədalətli olduğun bildirib.
Svanadze ilk 45 dəqiqədən narazı qaldığını gizlətməyib: “Birinci hissədə pis oynadıq. Komandamın oyunu heç xoşuma gəlmədi. Ancaq fasilədən sonra ərazi üstünlüyünü ələ keçirdik. Bir neçə dəfə qol vurmaq şansı yaxaladıq. Təəssüf ki, bu fürsətlərdən yararlana bilmədik. Düşünürəm ki, maraqlı oyun alındı. Ümumi götürdükdə, heç-heçəni ədalətli nəticə hesab edirəm”.
50 yaşlı mütəxəssis Nika Kvekveskiri barədə də fikirlərini bölüşüb. O, pleymekerin hansısa problemlə üzləşəcəyindən çəkinmədiyini dilə gətirib: “Bəli, Nika komandamız üçün önəmli fiqurdu. Ancaq zədə və ya vərəqə üzündən hansısa oyunu buraxmalı olsa, onu əvəzləməyə futbolçularımız var”.
Sonda Svanadze komandasının hədəfləri barədə də danışıb: “Ötən tur “Neftçi”yə qalib gəldikdən sonra "ilk 5-lik" uğrunda mübarizə aparacağımızı bildirmişdim. Bu gün də eyni fikirdəyəm. Gördüyünüz kimi, hər xal çətinliklə qazanılır. Hər bir rəqib sonadək mübarizə aparır. Biz də istisna təşkil etməyəcəyik. Hər qarşılaşmada var gücümüzü ortaya qoyacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp