“Neftçi”nin əsas söz sahibi Elnur Məmmədovla idman direktoru Vəli Qasımovun Cənubi Amerika turnesi başa çatmaq üzrədi. Klub rəsmiləri “qarlı dağlar aşaraq, okean dolaşaraq” üz tutduqları məmləkətdən bir futbolçu gətirəcəklər. Ki, müdafiənin mərkəzindəki yoxluğu necəsə ört-basdır etsin. 
Ancaq klub rəsmilərinin səyahətə çıxmasının səbəbi tək bu deyil. Futbolinfo.az saytına danışan “ağ-qaralar”ın baş məşqçisi Samir Əliyev klub bosslarının səfərinin bir neçə məramı olduğunu dilə gətirdi: “Məlum olduğu kimi, bir yeni qapıçı və hücumçunu sıralarımıza qatmışıq. Ayın 27-dən başlayan hazırlıqlarımızda hər ikisi iştirak edəcək və ümid edirəm ki, çempionatda yaranan fasilə bu futbolçuların komandaya uyğunlaşması üçün kifayət edəcək. İndi əsas problemimiz müdafiənin mərkəzidi ki, klub rəsmilərimiz də bu yöndə axtarışlarını davam etdirir. Bildiyimə görə, dünən Braziliyada daha iki oyunu izləyiblər. “Transfer pəncərəsi” bitənədək mərkəz müdafiəçisi mövqeyinə bir futbolçu almağı düşünürük. Vətənə qayıtdıqdan sonra səfərlə bağlı özlərindən daha dolğun məlumat ala bilərsiniz. Ancaq onu qeyd edim ki, Cənubi Amerikaya tək bir oyunçu almaq üçün getməyiblər. Biz transfer çalışmalarımızı planlı şəkildə həyata keçirəcəyik. Braziliyada bir neçə futbolçunu gözaltı ediblər. Həmin oyunçuların çıxışını diqqət mərkəzində saxlayacağıq. Qışda daha bir neçə transfer həyata keçirəcəyik. Həmin futbolçular arasından ən yaxşılarını sıralarımıza qatmağı düşünürük”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp