Uzun müddətdən sonra Qəbələdə yerli komandanın oyununa baxmaq imkanım oldu. Sonuncu dəfə bu stadionda martda “qırmızı-qaralar”ın “Simurq”la qarşılaşmasını izləyə bilmişdim.
Zaqatalalıların rəqibini 3:0 hesabı ilə darmadağın etdiyi görüşdən bu yana artıq çox şey dəyişmişdi. Yadımdadı, həmin matçdan sonra ölkəmizi avrokuboklarda təmsil edəcək 4-cü komanda kimi “sarı-qaralar”ı görürdük. Roman Qriqorçukun getdikcə ümidləri doğrultmadığı fikirləri yaranmışdı. 
Budəfəki səfərimdə isə çox şey dəyişmişdi. Şansının azaldığını düşündüyüm qəbələlilər indi Avroliqanın pley-offundadı və onları qrup mərhələsindən 90 (bəlkə də 120) dəqiqə ayırır.
Meydan sahibləri martda baş tutan oyunda olduğu kimi, ənənəvi “qırmızı-qara” formada meydana çıxmışdısa, rəqibi yenə də “sarı” futbolkada idi. Lakin bu sarı o sarıdan deyildi. Çünki meydandakı tarixin yaddaşına köçürülən "Simurq" yox, yenidən elitaya qaytarılan “Kəpəz” idi. 
***
Oyundan təxminən 2 saat əvvəl Qəbələyə çatdığımdan şəhəri elə də gəzmək imkanım olmadı. Ancaq yenə də hər yerdə qarşılaşmanın afişaları diqqət çəkirdi.
Stadiona çatanda futbolçular artıq qazonda gəzişirdilər. Meydançanın kənarında AFFA rəsmiləri yerli komandaların nümayəndələrinə göstərişlər verirdi. Klub nümayəndələrinin söhbətindən o da aydın oldu ki, qarşılaşmanı izləmək üçün Gəncədən Qəbələyə 4 avtobus futbolsevər gəlməlidi. Lakin matçı izləmək üçün Qəbələyə gəlməyə çalışan azarkeşlərin sayı o qədər çox idi ki, ayrılan avtobusların hamını gətirməyə imkanı yox idi.
Matçın start fitindən öncə yerli azarkeşlər öz yerlərini almışdılarsa, qonaq tərəfdarlar hələ yolda idi. Onlar görüşün başlamasına bir neçə dəqiqə qalmış özlərini stadiona çatdıra bildi. Hadisələri qabaqlayaraq, deyim ki, qərbli azarkeşlərin sözün yaxşı mənasında futbol acı olduğu hiss edilirdi. Asayişi pozmadan oyunboyu sevimlilərini dəstəkləyən gəncəlilər 2-ci hissənin gedişində klubun bayrağı ilə qapı arxasında o baş – bu başa qaçırdılar.  
***
Oyun meydan sahiblərinin üstünlüyü ilə başladı. Elə bunun nəticəsi idi ki, matçın başlamasından bir neçə dəqiqə sonra qəbələlilərin hücumçusu Ermin Zets rəqibin cərimə meydançası daxilində bir neçə futbolçudan sıyrılıb hesabı açdı – 1:0.
Lakin “sarı-göylər” bu qoldan sınmadı. İlk hissədə bir neçə dəfə rəqib komandanın qapısı qarşısında təhlükəli vəziyyət yaradan qərblilər, hətta bəzi məqamlarda meydan sahiblərindən üstün görünürdü. Junior Osvaldo və Dario Federikonun fəallığını xüsusi qeyd eləmək lazımdı.
Meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun nisbətən ehtiyatlı oyuna üstünlük verməsini başa düşmək olardı. Buna bir neçə gün sonra Yunanıstanda “Panatinaikos”la taleyüklü oyuna çıxacaqlarının da təsiri vardı.
İlk hissə bu hesabla başa çatdığından fasilədən sonra Şahin Diniyevin yetirmələrinin təzyiqi bir az da artıracağını düşünmək olardı. Lakin bu, baş vermədi. Hissənin ortalarından artıq gəncəlilərdə yorğunluq sözünü deyirdi. Onsuz da fiziki cəhətdən güclü olan qəbələlilərlə oyunda 90 dəqiqə eyni tempdə oynamaq bir az çətindi. Elə matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi də komandasının bütün oyunu eyni tempdə oynamaq gücündə olmadığını və bu problemi milli komandaların qarşılaşmasına görə yaranacaq fasilədə aradan götürməyə çalışacaqlarını bildirdi.
Ümumiyyətlə, Diniyevin Gəncədə çox gözəl komanda yaratdığını demək olar. “Sarı-göylər” gücünə bir az da güc qata bilsə, avrokuboklar uğrunda mübarizə aparacaq kollektivə çevriləcək. Təbii ki, bunun üçün bir neçə səviyyəli futbolçu transfer etmək lazımdı.
ELMAR ABDULLAZADƏ, Bakı – Qəbələ – Bakı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp