“Xəzər Lənkəran”da “sular bulanır”. Daha dəqiq olsaq, sular çoxdan “bulanmağa” başlayıb. Cənub təmsilçisi üçün “qara kabus” hələ Veldin Muharemoviçdən başlayıb.
FİFA-nın kluba kəsdiyi cəriməyə etiraz edən Lənkəran təmsilçisi “ikibaşlı müqavilə”yə görə CAS-a müraciətdən sonra da etdikləri əyintini boynuna almırdı. Ancaq CAS-dan da əli üzüldükdən sonra baş məşqçi Yunis Hüseynovu qoydular dar ayaqda.
Məhz CAS-la bağlı qərar klubun himayədarı Mübariz Mənsimovu da əsəbləşdirib. Komandaya uzun müddət pul yollamaqdan imtina edən biznesmen bir qədər sonra daha bir “şad xəbər” alıb. Qardaşı Mais Mənsimov “PalSüd”ün türkiyəli idarəedicilərinin Mübariz bəyə maliyyə fırıldağı gəldiklərini bildirib, onları ifşa etməyə çalışıb. Cavabında oliqarx həmin iş adamlarını vəzifələrindən kənarlaşdıraraq, “PalSüd”ü qardaşının nəzarətinə verib.
Amma… Kiçik bir şərtlə: “PalSüd”də işləri qaydasına qoy, oradan gələn gəlirlə, klubun maliyyə xərclərini qarşıla”. “Xəzər Lənkəran”ın prezidentinin yaxın silahdaşı olan Tuyqun Nadirovun “PalSüd”ü idarə etməsi haqda fikir yürütməyə isə ehtiyac yoxdu. Başı Elxan Məmmədovun yaratdığı Klublar Komitəsinə (KK) qarışan vitse-prezidentin əsas hədəfi qətiyyən nə “Xəzər Lənkəran”ın uğurları deyil, nə də KK. Komitəyə rəhbər seçildikdən sonra faktiki olaraq, Cənub təmsilçisini AFFA-nın baş katibinə təhvil verən vitse-prezidentin başlıca məqsədi KK-dan tramplin kimi istifadə etməkdi. Əsas hədəf isə PFL prezidenti olmaqdı. Əlbəttə, KK-da özünü “yaxşı tərəfdən” göstərə bilsə.
“PalSüd” süd məmulatları istehsal eləsə də, klubun planlaşdırılan büdcəsini bağlaya bilmir. Bəlkə də, bağlamalıdı. Ancaq yuxarıda qeyd etdiyimiz məqamların qarşısında “Xəzər Lənkəran”ın məsrəflərinin “PalSüd” tərəfindən bağlanacağı daha çox zarafata bənzəyir. Böyük ehtimalla, Mübariz Mənsimov da bunu gözəl başa düşür. Komandaya milyonlar ayıran oliqarx sonuncu dəfə 2012-ci ildə “Xəzər Lənkəran”ın medal almasına sevinib. Söz yox, ayrılan vəsait kluba xərclənsəydi, vaxtilə “Qafqazın “Çelsi”si” adlandırılan komanda ölkə xaricində barəsində çoxdan söz etdirərdi. Ancaq 3 ildi ki, heç daxildə də səs-sorağı çıxmır.
İndi klub prezidenti və vitse-prezident “PalSüd”ə baxıb götür-qoy edirlər. Axı süd məmulatları bəyaz rəngdə olur, nəyə görə “PalSüd” üzlərini növbəti dəfə Mübariz Mənsimovun qarşısında “qara etdi”? Amma bu xına, o xınadan deyil. “Xəzər Lənkəran” addım-addım AZAL, “Rəvan”, “Bakı”nın gününə düşəcək. Çünki “PalSüd”dən haray çıxan deyil. Daha doğrusu, haray çıxara biləcək kadr yoxdu. Mübariz Mənsimovun isə 10 barmağının hamısını qardaşı ilə vitse-prezident o qədər bala batırıblar ki, “Xəzər Lənkəran” adı gələndə, başını götürüb qaçmaq istəyir. “PalSüd”dən bir şey çıxmadı, bəlkə, 6-7 tankerini versə, Mais Mənsimov – Tuyqun Nadirov tandemi nəhayət ki, klubun maliyyə xərclərini qarşılaya.
Hələliksə, vəziyyət qarışıqdı. Böyük Mənsimov kluba yatırım etmir, onun inandığı şəxsləri fırıldaqda ittiham edib “PalSüd”dən kənarlaşdırmasını istəyənləri sınağa çəkir. Mais Mənsimovun nəzarətə götürdüyü “PalSüd” isə klubun xərclərini qarşılayacaq səviyyədə deyil. Elə buna görə də qəribə durum yaranıb – yeni transferlər edilib, müqavilələr bağlanıb, ancaq onlara pul ödəmək mümkün deyil. Mübariz bəy kisənin ağzını bağlayıb, buradakı rəhbərlik isə kisədən yeməyə adət etdiyindən çarəsiz qalıb. İndi ya yeni transferlər sentyabrın 1-nə kimi çıxıb getməlidi, ya da Mübariz Mənsimov insafa gəlməlidi. Amma qardaşından dəfələrlə yalan, fırıldaq görən Mübariz bəy bu dəfə güzəşt edənə oxşamır. Səsi tezliklə çıxacaq…
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp