“Sumqayıt”da böhran başlayıb. “Zirə”, “Kəpəz”, “Rəvan” kimi debütantların daha yaxşı oyun göstərməsindən sonra mövsümə uğursuz başlayan “gənclik şəhəri” təmsilçisində “komendant saatı”dı.
Düzdü, nəticə baxımından “Sumqayıt”ın startı pis görünmür. Amma iş ondadı ki, xüsusilə “Neftçi”yə qarşı son matçda sərgilənən futboldan sonra düşərgədə vəziyyət qarışıb. Hədəfdə baş məşqçi Aqil Məmmədovdu. Sözügedən matçı stadionda izləyənlər arasında olan Arif Əsədovla Əsgər Abdullayevin adı gənc çalışdırıcıya xələf kimi hallanır.
Klubun meneceri Ceyhun Sultanova inansaq, avqustun 27-də komanda istirahətdən qayıdıb, yığışanda bir sıra cəzalar qaçılmaz olacaq. Xüsusilə, ön xəttdə yer alan bəzi futbolçuların cəzalanması, əvəzedici komandaya göndərilməsi mümkündü. “Xəzər” TV-dəki çıxışı zamanı Sultanov ad çəkməsə də, bizə bəllidi ki, rəhbərlik əsasən Uğur Pamukdan narazıdı. Halbuki bərbad oyun varsa, buna görə ilk növbədə onları seçən, meydana çıxaran baş məşqçi günahkardı.
Məsələnin ən pis yönü odur ki, klub prezidenti Kamran Quliyevin canına qorxu düşüb. Son vaxtlar day-dayı Elxan Məmmədovun büdrəmələri, maliyyə sıxıntıları və ciddi tənqid obyekti olmasından sonra gənc prezident daha bir problem istəmir. Futbolçu olduğu vaxtdan yerli publikanın sevimlisinə çevrilən Aqil Məmmədovun postundan uzaqlaşdırılması sumqayıtlıların etirazı ilə üz-üzə qalmaq deməkdi. Kamran bəy də elə bundan ehtiyat edir. Ona hər turda tribunaların narazılığı lazım deyil.
Açıq-aşkar problem içində olan komandada – istənilən halda – dəyişiklik olmalıdı. Ancaq Quliyev bunu dəyişiklik xatirinə etməməlidi. Düz-əməlli toplanış keçməyən komanda faktiki ortada qalan futbolçulara güvənib. Vaxtında transferlərə, hazırlığa diqqət yetirilmədiyindən belə vəziyyət gözlənilən idi. Kamran bəy bu üzdən baş məşqçinin yanında da diliqısadı. Bununla belə, çıxış yolu tapmaq olar. Unutmayaq ki, “Kəpəz”, “Rəvan” və AZAL-la müqayisədə “Sumqayıt”ın büdcəsi daha yaxşıdı.
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp