Mavi, mavi, masmavi… Məşhur mahnıdan seçmədi. Bizim hakimlərin də sevdiyi mahnılardandı…
Dünən "Zirə" – "İnter" oyununa baxanlar maraqlı bir görüntününü şahidi oldu. Hər iki komanda meydana oxşar formalarla çıxmışdı. Meydan sahibləri açıq, qonaqlar isə tünd göy formaları geyməklə sanki həmrəylik nümayiş etdirirdi.
Ciddi problem olmasa da, rənglər bir-birindən seçilsə də, protokol qaydalarına görə, bu, yolverilməzdi. Komandalar mövsümöncəsi ona görə fərqli rəng çaları olan 3 forma sifariş edirlər ki, belə anlarda problem yaşamasınlar, bir-birindən kəskin fərqlənən geyimlərlə meydana çıxsınlar. Ümumi qayda da odur ki, oyundan öncə geyiləcək formalar dəqiqləşir, hakim kimin nə geyəcəyi ilə tanış olur. Həmişə meydan sahibləri əsas formasını geyinir, rəqib isə buna uyğun olaraq fərqli rəngdə geyimə üstünlük verir.
Zirədə bu qaydanın pozulması sual yaratdı. Görəsən, eyni rəng çalarları olan formalar hakimə və futbolçulara maneçilik yaradırdımı? Olmazdımı ki, komandalardan biri başqa rəngdə olan forma ilə çıxış etsin? Bu suallara cavab tapmaq üçün qarşılaşmanın hakimi Fariz Yusifovla əlaqə saxladıq: "Bir neçə gün öncə İngiltərə çempionatında "Mançester Siti" – "Çelsi" matçında da oxşar vəziyyət yaşanmışdı. O zaman heç bir problem olmamışdı. Ümumiyyətlə, qaydalara görə, forma seçimində əsas söz sahibi meydan sahibi olan komandadı. Buna görə də biz heç "Zirə" tərəfini fikrini öyrənmədik. Həm də "İnter" bu matça yalnız 1 forma ilə gəlmişdi. Biz sonda formalarının rənglərinin komandaların çıxışına və bizim idarəçiliyimizə təsir etməyəcəyini görüb, matçın başlamasında heç bir problem olmayacağına qərar verdik".
AFFA Hakimlər komitəsinin sədri Xəqani Məmmədov da eyni ilə Yusifov kimi "Mançester Siti" – "Çelsi" oyununu misal çəkdi. Amma o, referidən fərqli olaraq, "İnter"in ehtiyatda ağ və qırmızı formalarının olduğunu bildirdi. O da göy formaların oyunçulara və hakimlərə heç bir əngəl törətmədiyini əsas gətirərək belə qərar verildiyini bildirdi.
Baş hakimin, eləcə də sədrin nə deməsindən asılı olmayaraq, bu qıcıq doğuran məsələnin üstündən belə keçmək olmaz. Ola bilsin, bu oyunda problem olmadı, xoşbəxtlikdən hər şey qaydasında getdi. Ancaq hansısa mübahisəli epizod olsaydı və ya deyək ki, yan xətt hakimi ofsayd zamanı oxşar formalar üzündən səhv qərar versəydi, onda indi başqa mahnı oxuyurdular. Məsələn,
Sənə kırmızı çok yakışıyor…
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp