“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib. Futbolinfo.az xəbər verir ki, bununla yanaşı, şura sədri klubunda 9 futbolçunun milli komandalarımıza dəvət olunmasına münasibət bildirib: 
“Hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasam da, komandanın çıxışını izləyirəm və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alıram. “Sumqayıt” klubu ilə oyunda qazanılmış qələbə münasibətilə futbolçuları təbrik edirəm. Düzdü, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər”.
Bununla yanaşı, Çingiz bəy onun Müşahidə Şurasından istefa vərəcəyi ilə bağlı bəzi KİV-də yayılmış xəbərlərə münasibət bildirib: “Bu, söz-söhbətdən başqa bir şey deyil. Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdu. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğurlara imza atacaq. İşgüzar səfərim başa çatdıqdan sonra sentyabr ayının əvəllərində Müşahidə Şurasının növbəti iclasını keçirəcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp