“Qarabağ”ın avrokubok oyunu gəlirsə, dəllarlar bayram əhval-ruhiyyəsində olurlar. Bilet alverçilərinin bəh-bəhlə gözlədikləri oyunlardan başlıca məqsədi əlbəttə ki, mənfəətdi.
Hər avrokubok mövsümü başlayanda bu mövzu gündəmə gəlir, amma qarşısı alınmır ki, alınmır. Hər dəfə müzakirəyə çıxarılır, ancaq nə polis müdaxilə edir, nə də klub bu ləkədən xilas ola bilir.
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilicək “Qarabağ” – “Yanq Boyz” oyununun biletləri artıq satışa çıxarılıb. Kassaların qarşısında yaşanan izdihamı seyr edən əməkdaşımız bilet əldə edən vətəndaşlardan kassanın önündə nə qədər dayandıqlarını soruşub. Əksər respondentlər saatyarım növbədə dayandıqlarını bildiriblər.
Kassalarda deyirlər ki, ələ 3 biletdən artıq verilmir. Təsəvvür edin, hər alverçinin əlində 1000 bilet var. Bunu kassadan əldə etmək üçün işbaz həyatının 450 saatını, yəni təqribən 20 sutkasını birnəfəsə satış məntəqəsinin qarşısında keçirməlidi. Aydın məsələdi ki, bu, mümkünsüzdü. Deməli, ya kassirlər alverçilərlə işbirliyində olurlar, ya da işbazlar hansısa yolla biletləri klubdan alırlar. Hər iki halda əziyyət çəkən futbolsevərlər olur.
İstər “Qarabağ” olsun, istər digər Azərbaycan klubu, futbol azarkeşlər üçün oynanılır. Hər bir futbolsevərin də klubun satışa çıxardığı qiymətə bilet almaq hüququ var. Əldən, alverçidən yox, qanuni yolla.
Bu yazıda işbazların hansı yolla bilet əldə etdikləri məsələsinə toxunmuruq. Amma məsələyə mütləq aydınlıq gətirəcəyik və konkret fırıldaqçıların adlarını müəyyənləşdirəcəyik. Hələliksə, “Qarabağ” rəhbərliyinin bilet alverçilərinin qarşısını birdəfəlik kəsmək üsulunu təklif edirik.
Kredit kartlar, “veb-mani”, “money-bukers”, “yandex-mani” kimi internet vasitəsi ilə köçürmə növləri mövcuddu. Biletləri şəxsiyyət vəsiqəsi ilə kassalarda satmaq çox əziyyətlidi. Amma internet satışını təşkil etdikdə, azarkeşlər rahat, əziyyət çəkmədən köçürmələrini edəcəklər və müəyyən olunmuş məntəqələrdən biletlərini götürəcəklər. Bir azarkeş üçün 3 bilet satışı mümkün olacaq. Həmin azarkeş şəxsiyyət vəsiqəsinin nömrəsini xüsusi damaya qeyd edəcək. Bundan sonra tələb olunan vəsaiti göstərilən hesaba köçürəcək. Pul köçürüldükdən sonra vətəndaşa bileti əldə etmək üçün kod veriləcək və həmin kodu satış məntəqəsində səsləndirərək və şəxsiyyət vəsiqəsini təqdim edərək, biletlərinə sahib çıxacaq. Bundan əlavə, xüsusi proqram tərtib edərək, eyni şəxsiyyət vəsiqəsi ilə ikinci dəfə bilet əldə etməyin qarşısı alınacaq.
Vəssalam. 2-3 həftə əziyyət çəkərək, bütün problemləri kökündən aradan qaldırmaq olar. Bunun qarşılığı olaraq onminlərlə insan rahat şəkildə sevimli komandalarına azarkeşlik edə bilərlər. Bu məsələnin praktiki həlli üçün “Qarabağ” klubuna yardım etməyə hazırıq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp