Azərbaycan futbolu növbəti biabırçılığın astanasındadı. Öz cibini düşünən bir qrup işbazın günahı ucbatından yenə ölkəmiz biabır olacaq, rişxənd obyektinə çevriləcək.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın İsveçrə "Yanq Boyz"u ilə ev oyunu ərəfəsində matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu yenə bərbad durumdadı. Biabırçı qazon üzündən “Seltik”lə dueldə qələbə qazana bilməyən Ağdam klubunu bəlkə də yenə eyni səbəbdən qrup mərhələsindən uzaq qalacaq.
Respublika stadionunda qazonun bərbad durumun canlı şahidi kimi deyə bilərəm ki, meydança şotlandlarla oyundakından yaxşı deyil. Sadəcə, çoxbilmiş təmirçilər qazonun bərbad vəziyyətdə olan hissəsini gizlətmək üçün yaşıl boyadan istifadə edib. Qazonu başdan-ayağa rəngləyən stadion işçiləri bununla yalançı görüntü yaratmaq niyyətindədi.
Amma təbiətlə oyun oynamaq olmur. Komandaların baş məşqçilərinin mətbuat konfransı, eyni zamanda “Yanq Boyz”un məşqini izləmək üçün Respublika stadionuna gələn jurnalistlərin gözündən heç nə yayınmadı. Bunda bizə həmin vaxt yağan yağışın da köməyi oldu. Qazonda məşq edənlərin geyimləri, meydançada dığırlanan toplar qısa zamanda yaşıl rəngə boyandı, elə meydanın ağ xəttləri də yaşıl çalarlı oldu. Qazonu dimdikləyən göyərçinlərin dimdiyindən tutmuş stadiona qulluq edən FSM işçilərinin geyiminəcən hər şey yamyaşıl idi.
Respublika stadionunda olduğu kimi, "Bakcell Arena"nın meydançası da FSM (Football and Sport Management) şirkətinə həvalə olunub. Bu şirkət ötən il bərbad vəziyyətdə olan "Bakcell Arena"nın qazonunu da boyamışdı. Bu səbəbdən də millimizin oyununda biabırçı mənzərə yaranmışdı – meydanda yıxılan futbolçuların formaları da eyni gəngə boyanmışdı.
 
İndi yenə eyni şirkət, yenə eyni problem. Dövlət büdcəsindən ayrılan milyonları mənimsəyən bəzi məmurlar fırıldağa əl atır. Onlar böyük maliyyə qarşılığında ideal səviyyədə saxlamalı olduqları qazonun boz sifətini, kələ-kötürünü boya ilə pərdələməyə çalışır.
Bu, həm də birbaşa dövlət rəhbərliyini aldatmaq cəhdidi. Çünki bildiyimiz qədər, ölkə başçısı şəxsən “Qarabağ”ın oyunlarını izləyir. “Neftçi”nin “Partizan”la məlum oyunundan sonra əsəbləşən, Respublika stadionundakı problemin aradan qaldırılması üçün göstərişlər verən, təmir işlərinə büdcə ayıran prezident “Seltik”lə matçdan sonra da narahat olub. “Yanq Boyz”la matça kimi qazonu qaydaya sala bilməyən işbazlar isə həll yolunu yaşıl boyadan istifadə etməkdə, “yuxarılar”ı aldatmaqda görüb.
Vəziyyəti öyrənmək, Respublika stadionundakı duruma aydınlıq gətirmək üçün FSM-in rəhbəri olan Fərman Əlizadə ilə əlaqə saxladıq. Fərman bəy saytımızda gedən tənqidi yazılardan incimişdi: “Sizinlə danışmaq istəmirəm. Doğru olmayan yazılar yazırsız. Sualınıza cavabı isə stadion rəhbərliyindən alın”.
 
Fərman bəydən heç nə öyrənə bilmədik. Görünür, növbəti sualın boya haqda olacağını yaxşı bilirdi. Yazılardan şikayət etməsinə gəlincə, adam gərək əvvəl güzgüyə baxsın. Bizim yaşıl boyaya əl atmalı işimiz yoxdu. Səhv yazırıqsa, Respublika stadionundakı bu biabırçılıq haradan çıxdı? Yəni o qədər səlahiyyət sahibisiz ki, dövlət nəzarətində olan bir işdə də utanmadan saxtakarlıq edirsiz, Fərman bəy? Jurnalistin suallarına cavab vermək sizin də, zənglərimizə cavab verməyən stadion direktoru Akif İsmayılovun da vəzifə borcudu. Akif bəy onsuz da sizinlə şərikli günahı üzündən bu gün – sabah qovulacaq, amma bu məsələdə sizin günahınız ondan az deyil.
Oyun günü yağış yağsa, hamı bizə güləcək. Hətta hava günəşli də olsa, gərək futbolçular yerə yıxılmaya, yoxsa fırıldağınızın üstü açılacaq. Təsəvvür edin, oyun bitəndə meydanı tərk edən hər iki komanda yaşıl rəngli formada olacaq. Bu, güclü dövlət kimi imicimizin möhkəmlənməsində böyük rol oynamış Avropa Oyunlarının üzərinə boya çəkmək kimi bir şeydi. O möhtəşəm yarış ölkə başçısının səyinin nəticəsi idisə, bu da FSM-in dövlətə “xidmət”idi. Deyəsən, Fərman Əlizadəyə və havadarlarına ciblərinin dolması daha çox lazımlıdı, nəinki Azərbaycanın müsbət imici.
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp