Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində sabah Yunanıstanda keçiriləcək "Panatinaikos" – "Qəbələ" matçı öncəsi təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərdən bir başa suallara keçməyi xahiş edib.
– "Qəbələ" oyuna nə qədər hazırdı? Ab-hava hansı vəziyyətdədi?
– Bu cür oyunlarda uğursuz keçinmək olmur. Hazırlıq ənənəvi rejimdə keçdi. Başqa cür şansımız yox idi. Çünki təqvimimiz sıxdı. İtkilərimiz barədə məlumatlısınız. Qalanlar hamısı qaydasındadı. Hər bir meydana çıxan oyunçumuz sabahkı görüşə həyatının ən vacib qarşılaşması kimi çıxmalıdı. Şübhəm yoxdu ki, komandamız bütün gücünü ortaya qoyacaq. Hesab edirəm ki, ilk oyundan fərqli bir keyfiyyətdə matç baş tutacaq. Bakıda hər iki komanda meydançanın vəziyyətini nəzərə alaraq, hərəkət etdilər. Düşünürəm ki, sabah kombinasiyalı futbola üstünlük verən hər iki komanda sürətli oyun nümayiş etdirəcək. Kimdə bu, daha uğurlu alınsa, o da qalib gələcək.
– Sabah komandamıza qarşı rəqib komandanın fanatları tərəfindən güclü təsir olacaq. Bu barədə futbolçularla danışmısınızmı? Ümumiyyətlə, komandanızda psixoloji durum necədi?
– Təsəvvür edirəm sabah bu, hansı səviyyədə olacaq. Hesab edirəm ki, təcrübəli futbolçulardan ibarət komandama bu, heç bir təsiredici qüvvə ola bilməz. Əlbəttə, öz azarkeşlərimizin yoxluğunu hiss edəcəyik. Çünki onlar bizə möhtəşəm dəstək verir. Onların dəstəyi bizim üçün üstünlük idi. Bu üstünlüyümüz olmasa da, mənfi təzyiq altında da olmayacağımızı düşünürəm.
– Meydançanın durumunu müsbət hal kimi dəyərləndirirsiniz?
– Az öncə qeyd etdiyim kimi, bu gün gördüyüm durum hər komandanın lehinə olacaq.
– Yunan həmkarınız taktiki dəyişiklik taktiki dəyişikliyə əl atacağını bildirib…
– Bilirəm, onun açıqlaması ilə tanışam. Bu da normaldı. Meydançanın durumu fərqli futbol sərgiləməyə imkan vermirdi. Həmkarımın açıqlamasından əvvəl də bilirdim ki, fərqli futbol sərgiləyəcəklər. Çünki "Panatinaikos"un xeyli oyununu görmüşəm. Onlar fərqli futbol oynayır. Ancaq biz də oyun dəst-xəttimizdə düzəlişlər edəcəyik və fərqli üslubda oynayacağıq.
– Sehrli çubuğunuz olsaydı və həmin çubuq hesabına rəqibin bir futbolçusunu meydançaya girməsini əngəlləyə bilsəydiniz, həmin oyunçu kim oardı? 
– Sehrli çubuğum olsaydı, Bakıda 5:0 qalib gələrdik. Burda isə rəqibin heç bir futbolçusunu silməyə ehtiyac olmazdı.
– Hər zaman 5:0 qalib gəlmək istədiyinizi bildirirsiniz. Bu dəfə 4:0 qalib gəlsəniz, razı qalarsınız?
– İstərdim ki, əlimdə 2-3 bu cür çubuq olsun. Ancaq rəqibin səviyyəsi çox yüksəkdi və bizə mərhələ adladacaq istənilən nəticəyə razıyam.
– Futbolçularınız cütlüyün taleyini əsas vaxtda həll etmək ustədiklərini bildiriblər. Bəs siz necə, penalti seriyasınadək oynamağa hazırsınız?
– Səhərə qədər oynamağa hazıram. Təki mərhələni adlayan tərəf "Qəbələ" olsun.
CEYHUN ƏLİYEV, Yunanıstan
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp