“Zirə” AÇ-2016-nın seçmə mərhələsi ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, 
“Qartallar” artıq bir yoxlama görüşündə də qüvvələrini sınayıblar. Sözügedən komanda 1-ci divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gəlib. Baş məşqçi Adil Şükürov start heyətində Kamal Bayramov, Eltun Hüseynov, Çimezi Mba, Yovan Krneta, Aleksandr Şemonayev, Tərzin Cahangirov, Viktor İqbekoyi, İqor İvanoviç, Rəşad Abdullayev, Təmkin Xəlilzadə və Nurlan Novruzovu meydana buraxmışdı. 
Oyuna “Zirə” üstün başlasa da, əks-hücumda yaxşı oynayan “Ağsu” tezliklə hesabı açdı. Bundan sonra bir neçə təhlükəli hücum həyata keçirən zirəlilər 38-ci dəqiqədə sağ cinahdan həyata keçirilən həmləni qolla tamamladı. Eltunun qapı qarşısına ötürməsini qəbul edən İqor baxımlı zərbə ilə topu “doqquzluğ”a göndərdi – 1-1. 
Baş məşqçi ikinci hissədə Elməddin Məmmədov, Hacı Əhmədov, Ruslan Cəfərov, Luiz Alberto Tato, İlqar Hüseynov, Vüsal İsgəndərli, Mirkamil Həşimli və Nicat Qurbanovu meydana buraxdı. Son 45 dəqiqədə də “qartallar” üstün oyun sərgilədilər və bu hesabda da öz əksini tapdı. Əvvəlcə Vüsalın qapıya paralel ötürməsini Nurlan qola çevirdi. Ardından Hacının cinah ötürməsi ilə Vüsal oyunda son nöqtəni qoydu. “Zirə” yoxlama oyununda 3-1 hesablı qələbə qazandı. 
Qeyd edək ki, paytaxt təmsilçisi sentyabrın 5-də daha bir yoxlama oyunu keçirəcək.  
Shares: