AFFA-nın rəsmi saytında “klublar” bölməsində bütün Premyer Liqa təmsilçilərinin saytlarına keçid üçün link qoyulub. Peşəkar Futbol Liqasında da belədi. Amma bir damın altında olan bu iki qurum bi-birini təkzib edir.
Çox maraqlı təsadüflə rastlaşandan sonra bir saxtakarlığın izinə düşdük və araşdırıb, gördük ki, Nuru Əliyevin sahibi olduğu klubda bir müddət öncə nəsə fırıldağa əl atılıb.
Həm AFFA-nın, həm də PFL-in saytında olan klubların loqotiplərini müqayisə edəndə qəribə rəng və emblemlərin üstündəki il fərqi diqqətimizi çəkdi. Belə ki, AFFA komandanın yaranma tarixi 2009-cu il kimi göstərilən emblemə üstünlük verirsə, PFL-də bu tarix 2007-di. Və maraqlıdı ki, hər iki halda bizi klubun rəsmi saytına aparan yolda məhz yenilənmiş emblemi görürük.
Burada PFL-in klubla eyni nöqtəyə vurduğu, sanki AFFA-nın saytında gecikmə olduğu düşünülə bilər. Əslində, ölkənin ən ali futbol qurumu daha ədalətlidi. Çünki onların istifadə etdiyi emblem daha doğru olan və qeydiyyatdan keçəndi.
Araşdırmalarımız nəticəsində bəlli oldu ki, bu saxtakarlıq 2 il öncə edilib. Əvvəllər Salyanın “Muğan” klubuna himayədarlıq edən, buna görə rayonda iş qurmaq üçün saysız güzəştlər, imtiyazlar qazanan “Nurgün” Şirkətlər qrupu sonradan bölgədən imtina edib, paytaxta üz tutdu. Bakıda iş görmək daha asan, daha ucuz olduğundan Salyanı futbolsuz qoyan Nuru Əliyev burada “Rəvan” adlı daha bir klub yaratdı. 2009-cu ildə təməli atılan komanda aşağı divizionda oynadı, sonra elitaya vəsiqə qazandı.
Maraqlıdı ki, “Rəvan” elitaya gələn kimi “Müğan” aşağı dəstəyə düşdü və dağıldı. Vikipediyada da, bütün internet resurslarında da “Rəvan”ın yaranma tarixi kimi 2009, “Muğan”ın yaranış vaxtı kimi 2007 göstərilib. O zaman Salyan təmsilçisinin bütün futbolçu, məşqçi və rəhbər heyətini “Rəvan”a köçürən Nuru Əliyev misilsiz biabırçılığa imza atmışdı.
Yalnız 2 il öncə Əliyevin ağlına gəldi ki, ölkə futboluna yatırım etdiyini dövlət rəhbərliyinə göstərmək və 2009-dan deyil, 2007-ci ildən xərc çəkdiyini diqqətə çatdırmaq üçün emblemi dəyişdirsinlər. Beləcə, heç bir hüquqi əsası olmadan, haradasa qeydiyyatdan keçmədən, hətta AFFA-nın Lisenziyalaşdırma Komissiyasında nəzərə alınmadan klub 2 yaş qocaldı. Halbuki klubun yaranış tarixindəki bu saxtakarlığa görə hətta “Rəvan”ın Premyer Liqada iştirakı qanunsuzdu.
Emblem dəyişdirilərkən orada göstərilən “aslan”ın qanadları kəsildi və beləcə “uçan aslanlar” “aslanlar”a çevrildi. Loqodakı göy rəng də “unuduldu” və “Rəvan” sarı-qırmızılı kluba çevrildi. Nuru Əliyev bununla həm də sevimli “Qalatasaray”ını yamsılamağa çalışdı. İstanbul klubuna gizlincə bağlılığı olan, deyilənlərə görə, hətta bu kluba maddi yardım da edən “Rəvan”ın sahibi beləcə klubunu 2 il “qocaltdı”.
Bizdə olan bilgiyə görə, rəsmi sənədlərdə “Muğan” PFK likvidasiya olmayib, yaşayır, sadəcə, fəaliyyətini dondurub. Vaxtilə Vladislav Qədirovun sahibi olduğu Bakı “Arsenal”ının bazasında yaradılan bu komanda hər an həyata qayıda bilər. Bu zaman bir doğum gününə malik 2 komandadan hansının üstün tutulacağı maraqlıdı. Çünki “Rəvan” “Atletik” idman cəmiyyətinin adını dəyişməsi səbəbindən yaranıb və doğum tarixi də 2009-du. AFFA-nın lisenziya sənədlərində də bu əsas götürülüb. Elə ona görə də qurumun rəsmi saytında üzərində bu tarix yazılan loqodan istifadə edilir.
Bu saxtakarlığın niyə edildiyini dəqiqləşdirmək mümkün olmadı. Ehtimalımızı yuxarıda vurğuladıq, ancaq dəqiq cavabı yalnız klubdan verə bilərlər. Hansısa “səbəblər”dən internet qaynaqlarında haqqında məlumat, hətta foto tapa bilmədiyimiz (bu haqda yaxın günlərdə növbəti yazıda bəhs edəcəyik – red.) Nuru bəyin futbolda xidməttləri çoxdu, ancaq belə emblem oyunları göstərir ki, onun da ciddi maraqları, umacaqları var. Əkc halda 2 illik fərqə görə tənqid obyekti olmaq istəməzdi.
CAVAD