Avropa Liqasında Azərbaycan klublarının zəfər yürüşü davam edir. Avrokubok mövsümünün startı öncəsi proqnozlaşdırdığımız kimi ikisi ələndi, ikisi yolunu davam etdi. Doğrudu, “Qəbələ”nin qrup mərhələsinə yüksələcəyinə inam yox idi. Amma “Qarabağ”ın ötənilki nəticənin təkrarlayacağı gözlənilən idi.
Püşkatma Ağdam təmsilçisinin üzünə gülmədi. İngiltərə “Tottenhem”i, Belçika “Anderlext”i və Fransa “Monako”sunun hər birinin qrup 1-cisi olmaq uğrunda mübarizə aparcağı indidən məlumdu. Azərbaycan çempionu bu qrupda aşkar autsayderdi. Ancaq futbol tarixinə nəzər saldıqda bəzən autsayderlərin möcüzəyə imza atmasının şahidi oluruq. Eyni zamanda, Qurban Qurbanovun yetirmələrinin üzərində psixoloji təzyiq də olmayacaq. Çünki “ölüm qrupu”nda ilk 2 pillədən tutmalarını onlardan heç kim tələb etməyəcək. “Qarabağ”ın cari avrokubok mövsümündə bir məqsədi qalıb: qrupda maksimum xal toplayaraq, həm komandanın, həm də ölkənin klub reytinqini qaldırmaq.
Ancaq Belçika təmsilçisi ilə Bakıdakı görüşdə matçda qələbəyə, “Tottenhem” və “Monako” ilə isə ən azından 1 xala ümid etmək olar. Qurban Qurbanovun yetirmləri elə səfərmatçlarında da “dişlərini qıcaya” bilərlər. Nəzərə alsaq ki, “Qarabağ” ötən il qrupda topladığı 6 xaldan 4-nü səfərdə əldə etmişdi, indidən Azərbaycan çempionunun İngiltərə, Fransa və Belçikaya turist kimi yollanmayacaqlarını proqnozlaşdırmaq olar.
Maraqlıdı ki, cari avrokubok mövsümü start götürənədək, qitəmiqyaslı turnirlərdə nəinki qələbə və xal qazanmaq, heç rəqib qapısının torunu silkələmək belə “Qəbələ”yə nəsib olmamışdı. Üstəlik ötən mövsümlə müqayisədə, baş məşqçi Roman Qriqorçuk heyətdə ciddi islahatlara əl atmışdı. Belədə, “Qəbələ”nin Avropa Liqasının ilk seçmə mərhələsindən başlayaraq, 4 tur adlayacağını ən nikbin fanatları belə gözləmirdi. Ancaq maraqlı məqam bursadı ki, püşkatmadan sonra Qriqorçukun komandasının 1/16 finala belə yüksəlmək şansı yaranıb. Təqvim də təmsilçimiz üçün münasibdi. Qrupda ilk və son oyunu evdə keçirəcək bölgə təmsilçisi hər iki halda aktivinə 3 xal yazdıra bilsə, demək olar ki, 2-ci pillə şanslarını həll etmiş olacaq. Əlbəttə, Almaniya “Borussiya”sına “əlcək atmaq” barədə düşünmək reallıqdan uzaqdı. Ancaq sentyabrın 17-də baş tutacaq ilk turda Yunanıstan PAOK-unu Bakıda “sındırmaq”, ardınca isə Krasnodarın eyniadlı komandası ilə səfər qarşılaşmasından 1 xalla dönmək mümkün olsa, Roman Qriqorçukun komandası Azərbaycan futbol tarixində avrokuboklarda 1/16 final mərhələsinə yüksələn ilk kollektiv olmaq şansını xeyli artırmış olacaq. Dekabrın 10-da keçiriləcək son turda isə, böyük ehtimalla qrupda 2-ci pillənin taleyi həll ediləcək. Nəzərə alsaq ki, həmin gün PAOK Dortmundda meydana çıxacaq və böyük ehtimalla xal üzünə həsrət qalacaq, Azərbaycan təmsilçisi üçün “Krasnodar”la matç ölüm-dirim mübarizəsi olacaq.
Shares: