Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç sentyabrın 3-də Bakıda Azərbaycanla, 6-da isə Osloda Norveçlə oyunöncəsi mətbuat konfransı keçirib. Futbolinfo.az xorvat mütəxəssisin fikirlərini diqqətinizə çatdırır.
 
 
O, ilk olaraq yığmamızdakı baş məşqçi dəyişikliyindən danışıb: “Robert Prosineçki yeni model qurub. Onun rəhbərliyi altında Azərbaycan yığması daha aqressiv futbol sərgiləyir. Hava şəraiti də xoş olmayacaq: isti və rütubətli. Bu ölkədə futbol yüksəlişdədi. Sözlərimin əyani sübutu iki klublarının Avropa Liqasının qrup mərhələsinə yüksəlməsidi. Qalib gəlmək çətin olacaq, ancaq biz buna can atacağıq”.
 
 
Zədəlilərlə bağlı şikayət etmək niyyətinin olmadığını bildirən xorvat mütəxəssis, Norveçlə oyun haqda düşünmədiklərini də qeyd edib: “Bütün diqqətimizi ayın 3-də baş tutacaq qarşılaşmaya yönəltmişik. Oslo səfəri uzaqdadı. İndi yalnız Azərbaycanla görüşdə 3 xal qazanmaq haqda düşünürük. Yalnız həmin matç başa çatdıqdan sonra skandinaviyalılar barədə düşünə bilərik”.
 
 
Qeyd edək ki, sabahdan təlim-məşq toplanışına start verəcək Xorvatiya yığması sentyabrın 2-də Bakıya gələcək və ertəsi gün saat 21:00-da “Baksell Arena”da millimizlə oyuna çıxacaq.
Shares: