Ukraynaın 2+2 telekanalı “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə düşməsinə dair geniş videoreportaj hazırlayıb. Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun komandaya cəlb etdiyi 4 həmyerlisi – Aleksey Qay, Aleksey Antonov, Dmitri Bezotosnı və Vitali Vernidub Azərbaycana gəlmələrinin səbəbləri haqda fikirlərini bildiriblər.
Dmitri Bezotosnı: “Odessa “Çernomorets”indən ayrılmaq çətin idi. Ona görə ki, daha 1-2 il oynadıqdan sonra klub strukturunda inzibati vəzifələrdən birini tutmağı planlaşdırırdım. Nəinki ölkə xaricinə getməyi, heç Odessanı tərk etməyi ağlımdan keçirmirdim. Ancaq nə etməliyəm?! 45-50 yaşıma qədər karyeramı davam etdirməyəcəm axı. Ailəmin gələcəyini təmin etməliyəm. Başqa cür olsa, bu gün Avropa Liqasının qrupunda oynayan qapıçı, sabah isə bazarda alverçi olmalıyam. Yaraşarmı?”
Aleksey Qay: “Azərbaycana birbaşa müqavilə imzalamağa gəldim. Roman Qriqorçuk hər şeylə yerində tanış olduğu üçün əlavə məlumata ehtiyac duymadım. Ona sonsuz inamım var. Əlbəttə, maliyyə məsələləri də önəmlidi. Ancaq Azərbaycanda tək futbol deyil, həm də həyat təcrübəsi qazanıram”.
Aleksey Antonov: “Desəm də, deməsəm də aydındı ki, gəlişimizin əsas səbəbkarı Roman İosifoviçdi. Üstəlik, tanıdığım uşaqlar da heyətdə yer alır. Bu da mənəvi cəhətdən rahatlığı təmin edir. Ukraynaya necə qayıda bilərəm? Ailə müəyyən yaşayış tərzinə öyrəşib. Qayıtsam, axı, həmin şəratimiz olmayacaq. Demirəm eynisi olsun, amma sabitlik olmayacaq. Azərbaycanda bilirik ki, maaşlar, mükafatlar vaxtı-vaxtında verilir. Ukraynada hazırki vəziyyət buna imkan vermir”.
Vitali Vernidub: “Hələ Zaporojyedə Roman Qriqorçukla işləmişəm. Ovaxtdan ancaq xoş xatirələrim qalıb. Həmişə yollarımın bir daha bu mütəxəssislə kəsişməsini arzu edirdim. Yenicə ailə qurmuşam. Həyat yoldaşımla Azərbaycana getməyimizi müzakirə etdim. Sonra atamın fikrini öyrəndim. Bilirsiniz, 28 yaşım var. İki ildən sonra personama maraq olmayacaq. Körpə oğlum böyüyür. Onun normal həyat sürməsi haqda düşünməliyəm”.