Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin ilk oyundaca rəqibi olacaq Yunanıstan PAOK-unun hücumçusu Fakundo Pereyra bu gün Roman Qriqorçukun komandası ilə müqavilə imzalayacaq. Futbolinfo.az saytının az öncə yaydığı məlumatı, “Qəbələ”nin baş meneceri Zaur Əzizov da təsdiqləyib.
 
 
Əməkdaşımızla söhbətdə klub rəsmisi Argentina “Estudiantes”inin yetirməsi olan 28 yaşlı futbolçunu icarəyə götürəcəklərini bildirib: “Bu gün “transfer pəncərəsi” bağlanır və bu səbəbdən də Pereyranı ayın son günündə sifariş etmək niyyətindəyik. Argentinalını 1 illik icarəyə götürməyi düşünürük. Onun universal bacarığını xüsusi qeyd etmək istəyirəm. Hücumameylli istənilən mövqedə çıxış etməyə qadirdi”.
 
 
Bu gün Vaqif Cavadovu da icarəyə götürən “Qəbələ” rəsmisi daha bir futbolçuyla anlaşacaqlarını dilə gətirib: “Vaqif yerli oyunçu olduğundan ona ehtiyacımız var idi. İbrahima Niasse və Derlis Meza Kollidən birini də sıralarımıza qatmağı planlaşdırırıq. Hər ikisi azad agent statusuna sahib olduqları üçün onlardan biri ilə müqavilə sabah da imzalana bilər”.
 
 
Qeyd edək ki, hər iki futbolçu Azərbaycan publikasına tanış simalardı. Meza Kolli ötən mövsümü “İnter”də keçirib. Niasse isə 2012-2013 mövsümündə “İnter”, növbəti il isə “Qəbələ”nin uğurları üçün tər töküb. Son mövsümü “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin dəvəti ilə Rusiya “Mordoviya”sında keçirən yarımmüdafiəçi qocaman mütəxəssisin həmin komandadan ayrılmasından sonra azad agent statusu alıb.
 
 
“Qəbələ”nin bu transferlər reallaşdıqdan sonra Julius Vobaydan imtina edəcəyi gözlənilir. “Neftçi”nin sabiq üzvü bizimkilərlə anlaşdığını söqləsə də, görünür, “qırmız-qaralar” ona ehtiyat variant gözü ilə baxırmış.
Shares: