UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu qatıb. Komanda Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovu icarə əsasında heyətinə qatıb. “Xəzər Lənkəran”ın hücumçusu ilə 4 aylıq anlaşma əldə olunub.

 

26 yaşlı hücumçu “Qəbələ”yədək Rusiya MOİK-inin əvəzedici heyətində (2000-2007), “Qarabağ” (2007-2010, 2012-2013), Hollandiya “Tvente”sində (2010-2011) “Bakı” (2010-2011), Nijni-Novqorod “Volqa”sında (2011-2012), “İnter” (2013-2014), Türkiyənin “Qaziantep Böyükşehir Bələdiyyəsi” və "Boluspor" (2014-2015) klublarında legioner həyatı yaşayıb. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.

 

 

Transferi rəsmiləşəndən sonra futbolçu apasport.az saytına açıqlama verib: “Qəbələ”yə keçidim sırf öz istəyimlə baş tutmadı. Hər üç tərəf bu transferə razılıq verdi. Son 1-2 gündə “Xəzər Lənkəran” rəhbərliyinə “Qəbələ” tərəfindən müraciət olub. Klublar öz aralarında görüşüb anlaşıblar. Elə mən də bu komandaya keçmək istəyirdim. Açığı, bu təklif mənim üçün gözlənilməz oldu. Çünki “Xəzər Lənkəran”da güclü heyət formalaşmışdı. Ora öyrəşmişdim. Artıq növbəti oyun barədə düşünürdük. “Qəbələ”yə keçidimlə bir daha sübut olundu ki, futbol həyatında hər an hər şey ola bilər”.

 

 

Cavadov yanvarda yenidən “Xəzər Lənkəran”a qayıdacağını əlavə edib: “Qəbələ”yə keçməyimdə bu komandanın Avropa Liqasının qrup mərhələsinə düşməsinin böyük rolu oldu. Yəqin onlar da məni bunun üçün alıblar. Ancaq yanvarda “Qəbələ” ilə anlaşmam bitəcək və yenidən “Xəzər Lənkəran”a qayıdacam. Karyeramı harda davam etdirəcəyim isə ondan sonra klublar arasında aparılacaq danışıqlardan asılı olacaq”.

Shares: