Türkiyənin "Qalatasaray" klubu transfer dönəminin son günlərində daha 2 futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb.
Bunlar "Borussiya"lı (Dortmund) Kevin Qrosskroyts və "Mançester Siti"li (İngiltərə) Ceyson Denayerdi. 20 yaşlı stoper Denayerlə 1 illik icarə müqaviləsinin imzalandığı açıqlansa da, 27 yaşlı sağ cinah müdafiəçisi ilə bağlı detallar hələ bilinmir.
Qeyd edək ki, Belçika millisinin də üzvü olan Ceyson 2014-cü ildən İngiltərə klubundadı. Afrika mənşəli mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında "Seltik"də (Şotlandiya) keçirib. Almaniya millisinin üzvü isə 2009-cu ildən Dortmund təmsilçisinin formasını geyir. Əsl mövqeyi müdafiənin sağ cinahı olan Qrosskroyts yarımmüdafiənin hər iki cinahında da oynaya bilir.