Millimizin Xorvatiya ilə oyununa 2 gün qalıb. Keçmiş Yuqoslaviya respublikaları arasında ən çox parlayan Xorvatiya və Serbiya yığmalarıdı. Maraqlıdı ki, serblərlə AÇ-2004-ün seççmə tsiklində millimiz tarixində ilk dəfə müsbət saldo əldə etmişdi. Səfərdə 2:2-lik bərabərlikdən sonra, paytaxtımızda balkanların millimizə qan udduracağını düşünənlər yanıldı. Hesabda geri olsaq da, Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda oyunda dönüş etməyi bacardı. Əvvəlcə Qurban Qurbanov penaltidən, son dəqiqədə isə Fərrux İsmayılov “qaranquş” zərbəsi ilə serbləri əli ətəyindən uzun yola salan qollara imza atdılar. İki gün öncə 37 yaşını qeyd edən İsmayılovla millimizin məsul oyunları öncəsi söhbət etməyə zərurət var idi… 
– Xorvatiya ilə oyun barədə fikirlərinizi bilmək maraqlı olardı…
– İlk oyunda böyükhesabla məğlub olmuşuq. Bu heç də bizə başucalığı gətirmir. Ona görə də Bakıdakı qarşılaşmada ən yaxşı nəticə qazanılmalıdı və buna da inanıram. 
– Serbiya və Çernoqoriya ilə matçlardakı Azərbaycan yığmasının maliyyə, texniki baza imkanları indikilərlə müqayisəolunmazdı. Həmin qarşılaşmalarda millimiz əzmkarlıq nümayiş etdirdi. Sizcə, yığmada indi o əzmkarlıq qalıbmı?
– Bizim vaxtımızdakı ilə indiki milli arasında çox böyük fərq var. Ovaxtkı komandamız dövrünə görə heç də digər komandalardan geri qalmırdı. Çox əmzkar futbolçularımız var idi. Hər bir komandaya qarşı yaxşı çıxış edirdik. Sadəcə, şəraitsizliyimiz matçların 60-70 dəqiqəsindən artıq dözə bilməməyimizi şərtləndirirdi. Amma buna baxmayaraq, qələlər və heç-heçələrimiz olurdu. Milliyə indi yaradılan şərait o vaxt bizdə də olsaydı, seçmə qruplarda orta sıralar uğrunda rahatlıqla mübarizə aparardıq. Mənə elə gəlir ki, indiki futbolçularımız da buna borcludu. Fikrimcə, ən azı ermənilərdən çox xal toplamalıyıq. Bədnam qonşularımız əvvəlki tsikllərdən birində 17 xal toplamışdı. Sadəcə, İrlaniyaya son turda məğlub olduqlarına görə pley-off-a vəsiqə qazana bilmədilər. Ermənilərə yaradılan şərait bizimki ilə müqayisə oluna bilməz. Buna baxmayaraq, onların futbolçuları hər yerdə legioner həyatı yaşayır. Bizdə isə belə deyil, gərək futbolçularımız ölkədən kənara çıxsınlar. 
– Nəyə görə, bizim futbolçular legioner həyatı yaşaya bilmir? Sizcə, buna onların potensialı çatmır, yoxsa Azərbaycanda verilən pullar oyunçularmızın xaricə çıxışına əngəl törədir?
– Xeyr, məncə, potensial söhbəti deyil. Yeri gəlsə, azərbaycanlı futbolçular heç də xaricilərdən geri qalmır. Sadəcə, özümüzü aldadırıq ki, mentalitetimiz mane olur. Bunu xarakterimizə bağlamalıyıq. Xaricdə qala bilmirik, "burda dostlarımla çayxanaya getmədim, flankəslə şəhərdə gəzə bilmədim", onların legioner həyatı yaşamasını əngəlləyir. Futbolçularımız başqa ölkədə tək yaşayırlar, belədə, bir az çətinliklər olur. Amma bunlara dözmək lazımdı. 
– Belə çıxır ki, müasir dövr futbolçularmızın xarakteri yoxdu?
– Mən o vaxt İranda çıxış edəndə vəziyyət dözülməz idi. Lakin səbr edirdik. Ardınca, Ukraynada legioner həyatı yaşadım. Sadəcə, məlum avtomobil qəzasından sonra orada çox qala bilmədim. Halbuki müqavilə də təklif olunurdu, ancaq imtina etdim. Bunu Samir Əliyev, Kamal Quliyev, Tərlan Əhmədov da təsdiq edə bilər. Düzdü, cavanlıqda mənim də səhvlərim olub. Gərək orada qalıb, artıraydım. 
– Yəqin ki, siz də razılaşarsınız ki, Foqtsun gedişindən, Prosineçkinin gəlişindən sonra meydandakı oyun baxımından fərq seçilir…
– Foqts az-çox komandaya xeyir verdi. Ancaq onu da qeyd edim ki, yığma Foqtsun millisindən fərqlidi. Komanda əzmkarlıq, mübarizlik baxımından seçilir. Sadəcə, oynamaq lazımdı. Futbolçuların hamısı da peşəkardılar, başqa şey düşünməməlidilər. Məşq edib, futbol oynamaq lazımdı. İnanıram ki, Xorvatiya yığması üçün burda çətin olacaq. 
– Yenə də Serbiya ilə oyuna qayıtmaq istəyirəm. Bayaq qeyd etdiniz ki, 60-70 dəqiqə oynamağa gücümüz çatırdı və bunu da şəraitsizliklə əlaqələndirdiniz. Amma serblərlə oyunun 90-cı dəqiqəsində qələbə qolunu siz vurmuşdunuz…
– Düzdü, amma biz hər oyunda dediyim kimi 60-70 dəqiqə gözəl futbol oynayırdıq. Bu reallıqdı, yalan danışlası heç nə yoxdu, dözə bilmirdik. Əsgər Abdullayev, İqor Ponomaryov, Vaqif Sadıqovun təcrübəsi sayəsində müəyyən dərəcədə matçın sonlarında dözə bilirdik. Onlar biz cavanları – mən, Zaur Tağızadə, Samir Əliyevi sonradan oyuna buraxırdılar. Meydana yeni daxil olanlar da qalan dəqiqələrdə sürətindən maksimum istifadə etməyə çalışırdı. Bununla da komandaya müəyyən üstünlük gəlirdi, yorğunluğun qarşısı az da olsa alınırdı. Amma yenə də faktdı ki, dözə bilmirdik. Düzdü, serblərə, makedonlara 90-cı dəqiqədə qol vurmuşam. İndi belə əmzkarlıq, xarakter lazımdı. 
– Xorvatiya və Malta ilə qarşıdan gələn oyunlarda millimiz neçə xal qazanmaq iqtidarındadı?
– Mən münəccim deyiləm. Amma fikrimcə, xorvatlarla oyun bizim üçün daha asan keçəcək, nəinki Malta ilə qarşılaşmalar. Çünki adlı-sanlı rəqibə qarşı konsentransiya olmaq daha asandı. Ümumiyyətlə, güclü rəqiblərlə həmişə daha yaxşı oynamışıq. Maltaya qarşı isə bütün futbolçuların lazımınca köklənəcəyinə inanmıram. Hər halda, millimizə inanıram və uşaqlara uğurlar arzulayıram.
ELMAR ABDULLA-ZADƏ
Shares: