Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib. Futbolinfo.az xəbər verir ki, dünən 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb.
Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. “Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələri bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.
Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.