Avropa Liqasının qrupuna vəsiqə qazanan "Qarabağ"ın heyətini gücləndirəcəyi gözlənilirdi. Mərkəz müdafiəçisinə ehtiyac duyan ağdamlılar Vladimir Dimitrovskini transfer etməklə istəyinə çatmaq istəyirdi. Ancaq deyəsən, bu məsələnin həlli vaxt aparacaq. Makedoniyalı futbolçuyla müqavilə hələ rəsmiləşməyib.
Klubdan aldığımız məlumata görə, oyunçunun sənədlərində müəyyən problemlər var. Onlar həll edilsə, futbolçu ölkəmizə gələcək. Əks halda qışa kimi məşqçilər bu heyətlə kifayətlənməli olacaq.
Samuel Armenterosu isə “Qarabağ”ın yeni üzvü saya bilərik. Klubdan aldığımız məlumata görə, isveçli forvardın keçidinin həlli üçün bir problem qalmayıb. Ölkəmizə azad agent kimi gələcək forvardla 3 illik anlaşma razılaşdırılıb. 25 yaşlı Armenteros “Qarabağ”a Hollandiyanın "Villem II" klubundan gəlir. Bundan öncə "Feyenoord"da icarədə olan futbolçu Belçikanın "Anderlext", Hollandiyanın "Herenven" və "Herakles" klublarında, həmçinin İsveç U-21-də çıxış edib. O, Belçika klubuna məxsus idi.
Hər xəttə bir oyunçu almaq istəyən “Qarabağ”ın planı Mikel Markos Madera ilə doldu. 29 yaşlı ispan yarımmüdafiəçi qarşıdakı 2 ildə Azərbaycan çempionunun şərəfini qoruyacaq. Son mövsümü Hayfa "Makkabi"sində keçirən, İspaniya "Ovyedo"sunun yetirməsi sayılan futbolçu tezliklə ölkəmizdə olmalıdı. İspaniyada Xixon "Sportinq"ində, “Xetafe”də, İngiltərə "Birmingem"ində forma geyən futbolçu Yunanıstan AEK-ində 6 ay icarədə də olub.
Bu transferlərin fonunda Ağdam klubu ciddi itki ilə də üzləşə bilərdi. Belə ki, “Qarabağ” Reynaldo Silvayla yollarını ayırmaq üzrə idi. Bir neçə ərəb klubundan, o cümlədən Avropadan cəlbedici təkliflər alan braziliyalı qoleador vida ərəfəsində idi.
Son bir ayda ancaq transferi haqda düşünən Reynaldo haqda artıq son qərar verilib. Bu gün bəlli oldu ki, futbolçu, Ağdam klubuna çox sərfəli təkliflər gəlməsinə baxmayaraq, satılmayacaq. Komanda qrupa düşdükdən sonra “Qarabağ”dan ayrılmaq haqda şifahi razılıq alan futbolçu da son anda fikrini dəyişməyi lazım bilib.
Xüsusilə, Armenterosun gəlişindən sonra Reynaldonun gedişi aktuallaşmışdı. Futbolçu özü yüksək məvacib qarşılığında ölkəmizi tərk etməklə yanaşı, “Qarabağ”a da pul qazandıra bilərdi. Amma sonucda şərtlər Silvanın elə “atlılar”la qalmasını şərtləndirdi.
2013-cü ildə Belçika “Anderlext”indən alınan Reynaldo bu müddət kəsiyində Ağdam klubunun formasında 95 oyun keçirib. Braziliyalı forvard “Qarabağ”ın heyətində 48 qola imza atıb. Bunlardan 34-ü olkə çempionatına, 6-sı Azərbaycan Kubokuna, 8-i isə avrokubok qarşılaşmalarına təsadüf edib. Reynaldo “Qarabağ” tarixinə ən yaxşı legioner kimi düşüb. Komandanın ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşməsində, 1 həftə əvvəl 26 yaşını qeyd etmiş futbolçunun müstəsna xidmətləri olub.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp