Yəqin xəbəriniz yoxdu, ancaq çoxdandı görüşünüzə gəlməməyimin səbəbi vətənimdə olmağımla əlaqədardı. Hər il avqustun ortalarında Şimali Koreyaya gedirəm. Avqustun 15-də biz Qurtuluş gününü qeyd edirik. Azərbaycanda olduğu kimi, Şimali Koreyada da bayram sarıdan korluq yoxdu. Təki həmişə bayram olsun. 
Azərbaycan futbolunda da bayramdı! Bu ölkənin xarüqələr yaradan futboluna “barmaq” edənlər bu gün barmaqlarını dişləyir. Çünki ölkədə futbol iri addımlarla inkişaf edir. “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Koreya xalqının oğlu üçün bayram hədiyyəsi oldu. Gözləri götürməyənlər indi dəli olublar. Gördünüz, AFFA-nın baş katibi Elxan Məmmədovun apardığı islahatlar necə də bəhrə verdi?! 
Təsəvvür edin, cənab Məmmədov vaxtında “Neftçi”, “Sumqayıt”, “Kəpəz”, “Xəzər Lənkəran”, “İnter”, “Zirə”ni ələ keçirməsəydi nələr baş verərdi!? “Qarabağ” və “Qəbələ”ni “payladılar” Respublika stadionu ilə “Bakcell Arena”ya. Bəs birdən 3 və daha çox klubumuz çıxsaydı qrup mərhələsinə? Bunu düşünən yoxdu! Amma gecəsini –gündüzünü futbolumuzun inkişafına həsr edən baş katib bu dəfə də uzaqgörənlik edərək, digər komandaların avrokubok pepspektivlərinin qarşısını kəsməyə nail olub. İndi Lənkəranda futbolçulara verməyə pul tapmırlar, “Neftçi” yeniyetmələrin, “İnter” isə AFFA-nın ümidinə qalıb.
Dünən jurnalistlərlə görüşü zamanı cənab Məmmədov ölkə futbolunun gələcəyinə də ümidlə baxdığını gizlətməyib. O, ilin sonunda növbəti dövlət proqramının qəbul ediləcəyini bildirib. Tarix kitablarında “Bakı” klubunun inkişaf proqramının tərkib hissəsi kimi komandanın Çempionlar Liqasının qrupuna düşmək göstərilib. İndi “Bakı” bu istəyini həyata keçirməyə çox yaxındı. 1-ci divizionda nəzəri cəhətdən çempion olmaq şansı əldə edən paytaxtın eyniadlı komandası 1-ci pilləyə sahib olsa, Çempionlar Liqasının qrupu nədi, qalibi elan oluna bilər! Axı bu divizionda, həm elitada qızıl medala sahib omuş “Turan”la “Şəmkir”, həm 1-ci divizionda çempionluğu bayram etmiş, lakin Premyer Liqaya həsrət klublar iştirak edir. Deməli, “Bakı” marşrut üzrə hərəkət edib. Məşəd İbad demiş, “o olmasın, bu olsun”: Çempionlar arsında birinci olmaq, elə 10 il əvvəl qarşılarına qoyulan məqsədə yaxınlaşmaqdı.
Nəhayət, daha bir məsələyə toxunum. Dünən 1-ci divizionun püşkü atılıb. 14 komandanın çempionluq uğrunda mübarizə aparacağı yarışmaının yekun cədvəlinin özəlliyi olacaq. Nəinki medalçılar, hətta çempion olacaq komanda belə Topaz Premyer Liqasına vəsiqəni təmin etməyəcək. Necə ki, vaxtilə “Neftçala”, “Ağsu” və “Qaradağ Lökbatan” bu aqibəti yaşayıb. Qvineya, Mozambik, Fil Dişi Sahilləri, Efiopiya kimi futbol ölkələri AFFA-nın bu layihəsini yaxın zamanlarda tətbiq etməyi planlaşdırırlar. Doğrudan da möhtəşəm ideyadı. Biri var 3 medalçı sevinə və bunlardan ikisi Premyer Liqaya yüksələ, biri də var neçə-neçə 1-ci divizion təmsilçisi bayram ab-havası yaşaya. Məsələn, son mövsümdə olduğu kimi. “Neftçala” qızıl, “Ağsu” isə gümüş medala sevindi, “Rəvan”, “Zirə” və “Kəpəz” isə “hazırca kökə” şüarı altında keçirilən yürüşün qalibi kimi elitada iştirak etmək hüququ əldə etdilər. 
Birdən-birə 5 komandaya sevinc hissi yaşadan AFFA-nın daha neçə-neçə nəcib addımlarını sadalamaq olar. Elə götürək dünən “Boulevard Hotel Bakı” ilə bəh-bəhlə imzalanan sponsor müqaviləsini. Təəssüf ki, bu yekəlikdə hadisədən heç bir telekanal canlı reportaj təqdim etmədi. Paxıllıqdandı hamısı! Amma heç nəyə baxmayaraq, AFFA çiçək saçıb, saçır və saçacaq da!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp