Dünən millimizin baş məşqçisi Robert Prosineçkinin Xorvatiya ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında qonaq jurnalistlərin ünvanladığı suallar və həmyerlilərinin verdiyi cavablar tərcümə olunmayıb. Nəticədə, ölkəmizin futbolsevərləri yarımçıq mətbuat konfransı ilə tanış olublar. Məsələyə biganə qala bilməzdik və bir neçə həmkarımıza tribuna verməyi qərara aldıq.
Rəşad Ergün, komanda.az saytının baş redaktoru: “Prosineçki Xorvatiyadan olan jurnalistlərə öz ailə sirlərini danışmırdısa, dedikləri azərbaycanlı qələm əhlinə tərcümə olunmalı idi. Bu, yerli jurnalistlərə qarşı böyük hörmətsizlikdi. Prosineçki Azərbaycan millisinin baş məşqçisidi, dediyi hər söz, hər kəlmə xorvatlardan çox, bizim üçün vacibdi. Düzü, bilmirəm Prosineçkinin yanında olan AFFA rəsmiləri bu məsələyə necə reaksiya veriblər. Ancaq Prosineçkiyə də, qonaq jurnalistlərə də bu addıma görə təpki göstərilməli idi. Bir daha deyirəm, Prosineçki Azərbaycan millisində işləyir və pulunu bizdən alır – bizə hörmət etmək boynunun borcudu”.
Kənan Məstəliyev, rekord.az saytının baş redaktoru: “Bu, ilk belə hal deyil və mənə təəccüblü gəlmədi. Həmin konfransda olmamışam. Olsaydım, buna reaksiyamı verərdim. Bu elan verilən kimi konfransı tərk edərdim. Necə ki, bunu Portuqaliya ilə ev matçımızdan əvvəlki mətbuat konfransında etmişdim. Onda da rəqib baş məşqçi bu elanı vermişdi. Mən də müqəvva rolunu oynamamaq üçün nümayişkəranə şəkildə zalı tərk etdim. Özümüzə hörmət edək, dostlar! Mənə heç kim jurnalistika, peşə, yaxud nəsə bu kimi gəlişigözəl sözlərdən  danışmasın. Peşəkarlıq peşəkara edilir. Kimsə mənə hörmət etmirsə, məndən eyni şeyi gözləməsi absurddu. AFFA həmişə jurnalistlərə hörmətsizlik edib, edir, bundan sonra da edəcək. Biz ortaq mövqe nümayiş etdirmədikcə belə də olacaq”.
Sənan Abdullayev, “Xəzər TV”-nin idman şərhçisi: “Bu, yolverilməzdi. İstər Azərbaycanda olsun, istər digər ölkədə, istər azərbaycanlılara qarşı olsun, istər digər ölkənin jurnalistlərinə qarşı. Biz məgər Afrikadan gəlmişik?! Necə yəni tərcümə olunmur? Axı Prosineçkiyə yad planetə dair sual verilmir ki, azərbaycanlı jurnalistlərə bunun dəxli olmasın. Robert Prosineçki Azərbaycan millisinin baş məşqçisidi və səsləndirdiyi hər bir fikir ölkəmizin futbol ictimaiyyəti üçün önəmlidi. Bu, böyük hörmətsizlikdi. Dünəndən bu yana AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlunun məsələylə bağlı münasibət bildirməsinə rast gəlməmişəm. Elə bir ciddi səbəb olmalıdı ki, bu cür hərəkət edilsin. Çox istəyərdim ki, Mikayıl bəy konkret mövqeyini ortaya qoysun.  Analoji addımı “Apollon”un baş məqşçisi də atmışdı. Sual-cavabının yunan dilindən tərcümə edilməməsini nəzərdə tuturam. Yəni bu, ilk belə hadisə deyil. Ancaq edilən hərəkət böyük hörmətsizlikdi”.
Redaksiyadan: Robert Prosineçki belə, həmyerliləri ilə sual-cavabların tərcümə edilməməsini tələb etsəydi, Mikayıl Nərimanoğlu buna qarşı çıxmalı, azərbaycanlı jurnalistlərin mətbuat konfransında səslənən bütün sual-cavablarla tam şəkildə tanış olmalarını təmin etməli idi. Əvəzində xorvat Prosineçkinin etiraz etmədiyi halda, azərbaycanlı Nərimanoğlunun qadağası “aydın səmada şimşək” effekti verdi. Bu gün oyundan sonra keçirilən mətbuat konfransına azərbaycanlı jurnalistlər qatılmasa, əcəba, federasiyanın mətbuat xidmətinin rəhbəri yuxarı instansiyalara bunu necə izah edəcək? Bir addımın əks-effektini göz önünə almaq gərəkdi. Əlbəttə, biz həmkarlarımızı bu addımı atmağa çağırmırıq. İstəməzdik ki, radikal qərarlarla AFFA-nı qələm əhlinə hörmətlə yanaşmağa sövq edək. Sadəcə, çatdırmaq istəyirik ki, hörmətsilziyə eyni yolla cavab verilsə, uduzan tərəf ölkə mətbuatı olmayacaq!
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp