03.09.2015-ci il tarixdə “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunub və qərarlar qəbul edilib:
1. “Neftçi” PFK-nın büdcə layihəsi müzakirə olunub və klubun büdcəsi Müşahidə Şurası tərəfindən təsdiqlənib.
 
2. “Neftçi” üzvlük kartları ilə bağlı layihə yüksək qiymətləndirilib və layihənin daha da genişlənməsi ilə bağlı qərar qəbul edilib.
 
3. “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabat təqdim edilib. Səfər çərçivəsində Braziliyanın “Fluminense” klubu ilə əməkdaşlığın gedişatı yüksək qiymətləndirilib və əməkdaşlığın iqtisadi baxımdan səmərəli olduğu vurğulanıb. Əməkdaşlığın davamı olaraq “Fluminense” klubunun nümayəndələrinin yaxın zamanda ölkəmizə səfər edəcəyi ilə bağlı hazırlıq tədbirlərinin görülməsi ilə əlaqədar qərar qəbul edilib.
 
4. İclasda “Neftçi” PFK-nın “Bakcell Arena”da muzey layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.
 
5. “Neftçi” PFK-nın “Bakcell Arena”da fan-şop layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.
Əslində, bu iclas dünən axşam baş tutub. "Neftçi"nin xəbəri bugünkü tarixdə elan etməsi maraq doğurur. Görünür, tədbirin gecə saat 12-dən sonra başa çatması üzündən açıqlama sentyabrın 3-də yayılır.
Qəbul olunan qərarlara gəlincə, büdcənin təsdiqlənməsi vurğulansa da, mədləğ gizli saxlanılıb. Amma klub açıq səhmdar cəmiyyətə çevriləndən sonra belə olmayacağını düşünürdük. Görünür, hələ də çox gizlinlər qalır.
“Neftçi” üzvlük kartları, “Bakcell Arena”da muzey və fan-şop layihələri də maraq doğurur. Ancaq onlarla bağlı daha geniş bilgiyə ehtiyac var. Ümid edirik, hələlik susmağı, heç bir açıqlama verməməyi məsləhət bilən klub rəhbərliyi bu barədə daha geniş bilgi verəcək. Hər halda, az öncə əlaqə saxladığımız klubun mətbuat xidmətindən öyrəndik ki, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin bununla bağlı müsahibəsi olacaq.
“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabatdan da xəbərimiz yoxdu. Yəqin ki, Elnur bəy də səfər yoldaşı ilə birgə bu məsələlərə aydınlıq gətirəcək. Gecikməmələri məsləhətdi, çünki onlar susduqca söz-söhbətlər çoxalır, hər kəs bir şeydən danışır. “Fluminense” klubunun nümayəndələrinin ölkəmizə səfərinin məramı, ümumiyyətlə, niyə məhz bu klubun seçilməsi ilə bağlı cavabsız qalan bir çox suallar var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp