“Bakı” AFFA-nın baş katibi Elxan Məmmədova və Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyevə müraciət ünvanlayıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu başqa komandalar tərəfindən oğurlanan yetirmələrinə görə narahatdı. Daha doğrusu, onların heç bir haqq ödənilmədən düşərgədən qaçırılması “zolaqlılar”ı narahat edir.
Məsələylə bağlı “Bakı”nın vitse-prezidenti Yaşar Seyidova müraciət etdik. O, həqiqətən də AFFA-ya bu barədə məktub göndərdiklərini dedi: “Baş katib Elxan Məmmədova, eləcə də Rəmiş Malıyevə müraciət etməyimiz doğrudu. Avqustun 28-də belə bir məktub göndərmişik. Bunun səbəbi isə hələlik adını çəkmək istəmədiyim bir çox klubların hazır futbolçularımıza yiyə durmaq istəməsidi”.
Yaşar bəyə inansaq, onlar həmin futbolçuların gedişinin əleyhinə deyillər. Ancaq bunun üçün vacib prosedur qaydalarına riayət olunmalıdı: “Bizim A komandamızla bağlı problem var idi. Buna görə Premyer Liqadan kənarda qaldıq, I divizionda oynayacağıq. Uşaq komandaları ilə bağlı isə hər hansı çatışmazlıq yoxdu, akademiyamız fəaliyyətini davam etdirir. Maksimum şəkildə çalışırıq ki, uşaq komandalarımız məşqlərini davam etdirsin, onlar hər cür qayğı ilə əhatə olunub. Təəssüf ki, bəzi klub rəsmiləri başqa addımlar atır. Ötən mövsüm bitəndən sonra bir sıra klub rəhbərləri tərəfindən akademiyamızın yetirmələrinə dəvətlər gəlib, onlar komandaların düşərgələrinə aparılıb. Biz vaxtında bu barədə xəbərdarlıq etmiş, bildirmişdik ki, “Bakı”nın yetirmələri üçün ilk növbədə bizə müraciət olunmalıdı. Heç kimin yolunu kəsməyəcəyik, hamının oynamasına şərait yaradacağıq. Klublar Komitəsinin iclaslarında da dəfələrlə vurğulamışdım ki, oyunçularımızı istəyənlər onların keçidi qarşılığında kompensasiya ödəməlidi. Yeniyetmələrlə bağlı məlum qaydalar var, onları yetişdirən kluba kompensasiya ödənilməlidi. Futbolçular da, valideynləri də bu barədə məlumatlıdı. 6-7 ildi onların xərclərini çəkirik, “Lans”da, “Atletiko”da toplanışda olublar, futbolçu kimi inkişafları üçün mümkün olan hər şeyi etmişik. Bütün bunları indi onları kiməsə hədiyyə vermək üçün etməmişik ki? Yetişdirmişik, xərc çəkmişik, indi də hara gedirlərsə, həmin klublar buna görə kompensasiya ödəməlidi”.
Yaşar bəy konkret adlar da çəkdi: “Akademiyamızda yetişən 30 futbolçu müxtəlif yığma komandaların üzvüdü. 250 yetirməmiz var. Amma indi məhz milli səviyyəsində oyunçularımızı pulsuz aparmaq istəyirlər. Yaxınlarda komandalarımız məşqlərə başladı və gördük ki, 70-ə qədər oyunçumuz yoxdu və heç kim də onlara görə kompensasiya ödəmək istəmir. Keçən il 6 komandamız çempion olub. Gələn il 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcəyini nəzərə alaraq, klubumuzun prezidenti Hafiz Məmmədov 99-cu il təvəllüdlülərdən ibarət elit komanda yaratdı. Müxtəlif bölgələrdən ən istedadlı uşaqları seçib gətirdik ki, Avropa çempionatında milli komandamıza kömək üçün yaxşı heyət yaradaq. Buna da nail olduq, ölkə futbolunun inkişafı üçün bunu etdik. Amma indi onlardan 12-si artıq başqa klublar tərəfindən aldadılaraq aparılıb. Başqa klubların düşərgəsinə qatdığı Fəhmin Hüseynli, Samir Əliyev, Rahid Ağazadə, Tofiq Abbasov, Əli Əliyev, Həbib Zeynalov, Rəşad Əhmədov, Kənan Allahverdiyev, Cavid Mikayıllı, Ruslan Süleymanov, Rəfael Qasımov və Kənan Cəfərov milli komandanın əsasını təşkil etməlidi”.
Seyidov milli komandaların uğuru, ölkə futboluna töhfə vermək naminə həmin futbolçuların kənarda qalmamalarına razıdı: “Təki gedib haradasa oynasınlar, milli komandamıza köçək etsinlər. Ancaq onları bu şəkildə ələ keçirmək də olmaz. Bu futbolçulara görə mütləq “Bakı” klubuna kompensasiya ödənilməlidi. AFFA müraciətimizə biganə qalmayıb, tez-tez danışır, müzakirə aparırıq, problemin həllinə çalışırıq. Heç kim “Bakı”nın haqqını yeyə bilməz. Qarşıdakı bir həftədə problemin AFFA tərəfindən həll ediləcəyinə inanırıq. Əks halda, futbolçuları havayı ələ keçirmək istəyən klubların da adını açıqlamalı olacam. Ya bu futbolçulara görə kompensasiya ödənilməli, ya da onlar “Bakı”nın düşərgəsinə qayıtmalıdı”.
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp