Avropa Liqasının qrup mərhələsinin qapısını açan iki klubumuz dərhal hücuma keçdi. Həm “Qarabağ”, həm də “Qəbələ” transfer bazarlığına elə atıldılar ki, sanki uzun müddət ac qalan pələng ceyran görüb.
Ölkə çempionunun düşdüyü qrupa nəzər saldıqda, ilk baxışdan şansının olmaması təəssüratı yaranır. Amma rəqibləri müəyyənləşdikdən sonra göstərdiyi fəallıq Ağdam təmsilçisinin əlini yanına salmayacağından xəbər verir. 
Bu gün UEFA-ya təqdim edilən sifariş ərizəsinə çempion Migel Markos Madera və Samuel Armenterosun adını da qeyd edib. Eyni zamanda, uzun müddət zədədən əziyyət çəkən və bu səbəbdən “Qarabağ”a kömək edə bilməyən Çumbinyo da qrup mərhələsində iştirak etmək şansı qazanıb. Braziliyalı yarımmüdafiəçinin ilk oyunlarda ideal formada olmayacağını nəzərə alsaq, çətin ki, Qurbanov ona start heyətində yer verə. Ancaq Çumbinyonun istənilən oyunun müqəddəratını həll edən ötürmələri və öldürücü zərbələrini yada saldıqda, Qurban Qurbanovun kozırlarının artdığını əminliklə söyləyə bilərik. Elə köhnə qvardiya da kifayət qədər əzəmətli görünür. Reynaldonun getmə məsələsi “öldürüldükdən” sonra “atlılar”ın hücum xətti istənilən rəqibinin başağrısına çevrilə bilər. Bir tərəfdən Reynaldo, digər yandan da Samuel Armenteros. İsveç vətəndaşlığını daşıyan bu futbolçu hələ də barəsində müsbət rəy formalaşdıra bilmədiyi Raydell Puponun ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilməsinin səbəbkarı ola bilər. Az öncə qeyd etdiyimiz Çumbinyo ilə Riçard Almeyda tandemi də təmsilçimizin hücumlarına rəng qatacaq. 
Müdafiə xəttinin ən böyük üstünlüyü isə uzun illərdi dəyişməz qalmasıdı. Maksim Medvedev də sıraya döndükdən sonra köhnə qvardiya növbəti yüksəkliyi fəth etmək üçün tam hazır olacaq. Əlbəttə, “Tottenhem”, “Anderlext” və “Monako” ilə müqayisədə “Qarabağ” autsayderdi. Ancaq məhz bu faktor, təmsilçimizə üstünlük qazandıra bilər. Əvvəla ona görə ki, rəqiblər Azərbaycan çempionuna saymazyana münasibət göstərə bilərlər. İkincisi, Qurban Qurbanovun komandasının üzərində məsuliyyət yükü olmayacaq. Axı bu komandalarla mübarizədə heç kim onlardan 1/16 final tələb etməyəcək. Deməli, şans, az da olsa, var. Heyət baxımından “Qarabağ” mövcud vəziyyətinə görə maksimum dərəcədə güclənib. Əsl imtahan isə sentyabrın 17-də başlanacaq.
“Qonşudan qalma geri” məsəlinə riayət edən “Qəbələ” də avqustun son günlərində transfer bazarlığında xeyli fəal göründü. Heç kimin gözləmədiyi halda 4 mərhələni adlmağa bacaran əyalət təmsilçisi sıralarını Fakundo Fereyra, Derlis Meza Kolli  və Vaqif Cavadovla zənginləşdirdi. Bu trnaferlər Roman Qriqorçukun daha çox hücumun güclənməsinə ehtiyac duyduğunu göstərir. Ukraynalı mütəxəssis müdafiədə əlindəki futbolçularla da kifayətlənəcəyini hesab edir. Sergey Zenyov, Ermin Zets, Dodonun yanında argentinalı qoleadorun da peyda olması “Qəbələ”nin hücumlarına rəng qatacaq. 
Cavid Hüseynovun adının sifariş ərizəsinə daxil edilməsi də diqqətçəkən məqamlardandı. Aydın məsələdi ki, ən azından 3 ay məşq etməyən futbolçunun formada olması mümkünsüzdü. Ancaq çox dərinliklərə varmayaraq, qeyd edək ki, qərar alqışalayiqdi.
“Qəbələ”nin Yunanıstanda sərgilədiyi cəsarətli futbol, eyni zamanda heyətə cəlb edilən hücumameylli futbolçular qrup mərhələsi barədə nikbin fikirlər səsləndirməyə əsas verir. Almaniya “Borussiya”sına “əlcək atması” inandırıcı görünməsə də, Rusiya “Krasnodar”ı ilə Yunanıstan PAOK-unu "vurmaq" olar. Hər halda “Qəbələ”nin qrupda qapazaltı olmaycağını indidən əminliklə söyləyə bilərik.
Ümumiləşdirsək, həm “Qarabağ”ın, həm də “Qəbələ”nin qrup perspektivləri əvvəlki 2 dəfəki kimi (“Neftçi” və “Qarabağ”ın qrupa düşdükləri 2012-2013 və 2014-2015 mövsümləri) görünmür. Əgər həmin vaxt qrup mərhələsinə yollanan Azərbaycan klubları daha çox təcrübə toplamaq məqsədi güdürdülərsə, bu dəfə 1/16 final haqda düşünməyin vaxtı çatıb.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp