Uzun fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz” ilk 3 turda pis təsir bağışlamadı. “Neftçi” ilə səfər heç-heçəsinin ardınca “Zirə”ylə qarşılaşan komanda yenə oyunu ilə azrkeşlərini sevindirdi. Düzdü, Gəncədəki matçın son dəqiqələrində buraxılan qol ilk qələbəyə əngəl oldu, lakin bu oyun da göstərdi ki, “Kəpəz” adına layiq futbol oynayacaq.
Şahin Diniyevin “sıfır”dan qurduğu komanda Qəbələdə də qələbə qazana bilmədi. Amma bürünc medalçı ilə matç göstərdi ki, gəncəlilər doğru yoldadı. Komplektləşmiş heyətə malik iddialı “Qəbələ” matçın əvvəlində vurduğu qolun nəinki davamını gətirə bilmədi, hətta dəfələrlə bəxt sayəsində xal itkisindən qaça bildi.
“Kəpəz”in ilk 3 oyunu göstərdi ki, komandanın potensialı var. Yalnız vaxt azlığından fiziki cəhətdən problemləri yoluna qoya bilməyən komanda çempionatın startında qələbə qazana bilmədi. İndi isə çatışmazlıqları yoluna qoymaq üçün əla fürsət yaranıb.
Milli komandanın oyunlarına görə yaranan fasilədən istifadə edən “Kəpəz” təlim-məşq toplanışına yığışıb. Avqustun 28-də məşqlərə Bakıda başlayan komanda artıq Yevlaxdadı. “Sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi burada 5 günlük təlim-məşq toplanışında olacaq.
Ancaq iş ondadı ki, rəhbərlik komandaya lazımınca dəstək vermir. Kollektivin bütün ağırlığının baş məşqçi Şahin Diniyevin çiyinlərində olduğunu deyə bilərik. Əldə etdiyimiz bilgiyə görə, çalışdırıcı hətta texniki məsələləri də özü həll edir. Bu isə rəhbərliyin diqqətsizliyindən irəli gəlir.
Ölkədə mövcud olan maliyyə problemi “Kəpəz”dən də yan keçməyib. AFFA-nın maddi dəstək verdiyi komanda maaşlarını alıb. Amma bu elə qaydada olub ki, yalnız təəssüflənmək olar. Futbolçuların maaşı hissə-hissə, kəsik-kəsik ödənilib. Və yalnız maaşlar verilib. Komandanın inzibati heyəti, məşqilər daha az diqqət görüblər. Komandanın qidalanması, təlim-məşq toplanışı və s. məsələlərə diqqət ayırmayan rəhbərlik çətin “Neftçi” səfərindəki heç-heçəyə və “Zirə” ilə oyunda qazanılan xala görə də futbolçuları mükafatlandırmayıb.
Vəziyyətin çətin olması, maddi problemlərin çoxluğu aydındı. Ancaq “Kəpəz” kimi kiçik büdcə ilə böyük iş görməyə çalışan komandaya, xüsusilə azarkeşləri ilə ad çıxaran bölgə təmsilçisinə qayğı, diqqət daha çox olmalıdı. Ola bilsin, şəhər icra hakimiyyətini rəhbərliyi, eləcə də klubun Müşahidə Şurasında təmsil olunan gəncəliləri qələbəsizlik narahat edir. Ancaq onlar unutmamalıdı ki, nəticə üçün əvvəlcə komandaya diqqət və qayğı göstərilməlidi. “Kəpəz” ilk 3 turda bu potensiala sahib olduğunu ortaya qoydu.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp