“Xəzər Lənkəran”ın başı yenə bəlalıdı. Bu dəfə Qalin İvanov cənubluları peşəkarlığa dəvət edib. FİFA-ya şikayət edən bolqarıstanlı futbolçu istəyinə çatıb. Ali futbol qurumu “Xəzər Lənkəran”ı yenə cəzalandırıb. Bu dəfə təzminat məbləği 200 min dollar təşkil edib.
Futbolçularla qalmaqallara görə ölkə klubları arasında lider kürsüsünü tutan Lənkəran təmsilçisi ənənəvi olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutub. Bu barədə saytımıza məlumatı klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu verib. Klub sözçüsü İvanovla bağlı xəbərimizi təsdiqləyərək, ayın sonunadək CAS-dan cavab alacaqlarını bildirib: “Məsələylə hüquqşünaslarımız məşğul olur. Sentyabrın 25-27-si aralığında CAS müraciətimizə cavab verəcək”.
Bu, məsələnin fakta söykənən tərəfi. Bəs nəyə görə elə daim “Xəzər Lənkəran”da çaxnaşmalar baş qaldırır? Nəyə görə FİFA-da ancaq Azərbycanın bu klubu müzakirə obyektinə çevrilir və ölkəmiz haqda mənfi imic formalaşır? Bu suallarımız açıq qaldı. Çünki cənubluların vitse-prezidenti Tuyqun Nadirov zənglərimizi cavabsız qoydu. 
Amma çox şey itirmədik. Çünki yaxınlarda baş qaldıran “Veldin Muharremoviç əhvalatı”nın üstündən hələ "su içilməyib". Bundan əvvəllər də “Xəzər Lənkəran”ın sədaları FİFA-dan, CAS-dan gəlib: Romulo Sivano, Eder Bonfim… Hələ neçə məsələ barədə mətbuat xəbər tutmayıb. Tutsa belə, nə faydası? Mübariz Mənsimovun xərclədiyi pullar havaya sovrula-sovrula gedir. Lənkəranlı fanatlar isə hələ də ümidlə yaşayırlar. O ümidlə ki, nə vaxtsa onların da ürək verdikləri komanda Avropaya səs salacaq. Müqavilələrdəki əyintilər, yerinə yetirilməyən öhdəliklərlə yox, “Neftçi”nin, “Qarabağ”ın, “Qəbələ”nin tarixi uğurlarını heç olmasa təkrarlamaqla.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp