Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" ötən gün sifariş ərizəsini UEFA-ya təqdim edib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın siyahısına 22 futbolçununun adı daxil edilib.
Bunların arasında yeni transferlərlə yanaşı, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən Cavid Hüseynov da olub. Klub Hüseynovun adının həmin ərizədə yer alması ilə bağlı açıqlama yayıb:
"Qəbələ" İdman Klubu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınmasıyla bağlı yaranan çoxsaylı suallara cavab olaraq bildirir ki, adıçəkilən futbolçumuz barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır. Qrup oyunları isə dekabr ayının ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil".
Shares: