Sabah Avropa Liqasının qrup mərhələsində Azərbaycan ilk dəfə 2 klubla təmsil olunacaq. “Qarabağ” İngiltərədə “Tottenhem”in qonağı olacaq, “Qəbələ” isə “Bakcell Arena”da Yunanıstan PAOK-unu qəbul edəcək. Komandalarımızın qitəmiqyaslı turnirin qrup mərhələsində ilk oyunları ilə bağlı bu yaxınlarda 60 yaşını qeyd etmiş “Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarovun fikirlərini öyrəndik. 
– İlk olaraq, “Qəbələ” – PAOK matçı barədə danışmaq istərdik. Artıq qrup mərhələsidi və hesab xallara aparılır. “Qəbələ” hansı oyunu ortaya qoymalıdı ki, qrup mərhələsi nöqteyi nəzərdən qənaətbəxş nəticə əldə edə bilsin? 
– İlk növbədə “Qəbələ”ni və futbol azarkeşlərini təbrik edirəm. Uzun müddətdi gözlənən hadisə baş verdi. Birdən-birə 2 klubumuz qrup mərhələsinə çıxdı. Bu, sevindirici haldı. Baxmayaraq ki, “Neftçi”də işləyirəm, qitəmiqyaslı yarışlarda iştirak edən bütün komandalarımıza dəstək olmağı özümə borc bilirəm. Sabahkı oyunlarda "Qarabağ"a da, "Qəbələ"yə də uğurlar arzu edirəm. Hər iki komanda rəqiblərinə qarşı hansı taktika ilə oynamağı daha yaxşı bilir. Həm PAOK, həm də “Tottenhem” qitənin tanınmış komandalarındandı. Əminəm ki, təmsilçilərimizin baş məşqçiləri tərəfindən təhlil ediliblər. Artıq qrup mərhələsindəyik. Burada zəif komanda iştirak etmir. Hər baş məşqçinin öz taktikası, oyun üslubu var. Ola bilsin, komandamız hansısa kluba qarşı açıq futbol oynasın. Ola bilsin, hansısa komandaya qarşı əks-hücum taktikası seçsin, və ya ümumiyyətlə, qapalı futbol oynasın. Bu, artıq məşqçinin öz futbol baxışına dair məsələdi. Biz indi onlara məsləhət görə bilmərik. Bizdən yaxşı bilirlər ki, necə oynamaq lazımdı. Çünki oyunçuların bugünkü vəziyyətindən asılı olaraq, oyun qura bilirlər. Komandanın içində onlardı. Zədəlilərdən, hansısa futbolçunun hazırl olmamasından məhz onların xəbəri olur. 
– “Qəbələ” üçün bu, ikinci Yunanıstan təmsilçisidi. Pley-offda “Panatinaikos”u səfər qollarının hesabına yarışdan kənarlaşdıran Roman Qriqorçukun komandası PAOK-a qarşı da evdə ehtiyatlı davranmalıdı, yoxsa qrup mərhələsi olduğuna görə, evdə qələbəyə can atmalıdı? 
– “Panatinakos” və PAOK-un dəst-xəttində nəzərəçarpacaq fərq var. “Qəbələ”nin sabahkı rəqibi daha açıq futbol oynamağı sevir. Elə “Qəbələ” və “Qarabağ”ı misal çəkim. Hər iki komanda Topaz Premyer Liqasında iştirak etsə də, tam fərqli oyun dəst-xəttinə sahibdilər. Həmçinin də yunanlar.  Bildiyimə görə, PAOK hücuma çox aludə olan komandadı. Düşünürəm ki, PAOK-la oynamaq daha asan olacaq. Qismən zəifləmiş müdafiə xəttini yarmaq daha rahat olur. 
– Qrupun aşkar favoriti Dortmund “Borussiya”sıdı. Aydın məsələdi ki, 1-ci yerə ümid demək olar ki, yoxdu. Bəs 2-ci yer necə? 
– “Qəbələ” tarixində ilk dəfədi ki, qrup mərhələsinə adlayıb. “Qarabağ”da olan təcrübə Qriqorçukun komandasında yoxdu. Bu cür yarışda təcrübə böyük rol oynayır. Avropa futbolu oynamaq lazımdı. Gənc futbolçular da özlərini göstərməlidi. Hər oyuna maksimum motivasiya ilə çıxmaq lazımdı.
– Başqa sözlə, hesab edirsiz ki, "Qəbələ" üçün bu gün qrupdan çıxmaqdan çox, təcrübə toplamaq daha vacibdi.
– Komanda oyun göstərməlidi, gözəl futbol sərgiləməlidi. Heç kim deməməlidi ki, “Qəbələ” qrupa təsadüfən düşüb. “Qəbələ” hazırda yüksəlişdədi. Bu komandaya ümidlər çoxdu.

 
– Ümumiyyətlə, qrupda 2-ci yer tutmağa “Qəbələ”nin potensialı çatar?
– İnanıram ki, təmsilçimiz layiqli futbol oynayacaq. Bu, futboldu, hər şey ola bilər. "Qəbələ" qrupdan çıxa bilər. Doğrudu, 1-ci yer tutmaq potensialınıı görmürəm, amma qrupdan çıxmaq üçün şansları var. 
– Sabahki oyundan nə gözləyirsiz? 
– Heç vaxt öz komandalarımızın məğlub olması haqqında fikirləşmirəm. 
– “Qəbələ”nin qələbə şansını necə dəyərləndirirsiz?
– Niyə də olmasın? Kim deyə bilərdi ki, İspaniya Superkubokunda “Atletik” "Barselona"ya 2 oyunda 5 qol vuracaq?! Futbol tamam dəyişib.
– “Qarabağ”la bağlı da fikirləriniz maraqlıdı. Hər halda İngiltərə Premyer Liqası təmsilçisinə qarşı səfərdə oynamaq asan məsələ deyil. 
– “Qarabağ”ın potensialı böyükdü. Baxımlı futbol oynayırlar. Ağdam təmsilçisi neçə ildi addım-addım irəliləyir. Artıq təcrübə toplayıblar. Komandalar "Qarabağ"ı özlərinə rəqib görür. Çünki ötən mövsüm bu komanda adından söz etdirməyi bacardı. İndi bütün rəqiblər Azərbaycan çempionu ilə hesablaşır.
– Yəqin razılaşarsınız ki, “Qarabağ”ın rəqibləri "Qəbələ"yə baxanda daha əzəmətlidilər…
– Hər iki təmsilçimizin rəqibləri ciddidi. Birinə “Borussiya”, digərinə “Tottenhem”, “Monako” və “Anderlext” kimi rəqiblər düşüb.
– “Anderlext”, “Monako” və “Tottenhem”lə mübarizədə “Qarabağ” nəyə ümid edə bilər? 
– Az öncə də qeyd etdim ki, futbolda istənilən nəticə qeydə alına bilər. “Qarabağ”a inamım hədsizdi. Onların qrupda sonadək mübarizə aparacağına əminəm. Demirəm, mütləq 1/16 finala yüksələcəklər, ancaq düşünürəm ki, qrup sonuncusu olmayacaqlar.
XƏYYAM İSMAYILOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp