Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan iki təmsilçimiz – “Qarabağ” və “Qəbələ”nin ev oyunlarının Bakı vaxtı ilə saat 22:00-da başlaması futbolsevərləri problemlərlə baş-başa buraxır. Axı gecə yarısı onların evə getməsi üçün ciddi problemlər yaranır. Üstəlik, sabah iş günüdü və insanlar gecə saat 2-də evə çatdıqdan 4-5 saat sonra iş başında olmaları da ciddi problemdi. 
İlk olaraq, meydan sahibi qismində çıxış edəcək təmsilçimiz “Qəbələ”di. Ağdam klubu isə bu gecə İngiltərədə “Tottenhem”in qonağı olacaq. Bu səbəbdən də “Qəbələ”nin bugünkü oyununu müzakirə obyekti etməyi qərara aldıq.
Müraciət etdiyimiz ilk şəxs Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev oldu. Bizi maraqlandıran sual “Qəbələ”nin Bakı Metropoliteninə iş rejiminin uzadılması ilə bağlı müraciət edib-etməməsi idi: “Xeyr, bu cür müraciət olunmayıb. Ölkəmizdə mühüm yarışlar keçirilərkən, Bakı Metropoletini iş rejimini artırır. Əlbəttə, müraciət olunsaydı, məsələyə baxılacaqdı. Ancaq hansı qərar veriləcəyini bilmirəm”.
Daha sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfova müraciət etdik. Nəcəfov iradımızın haqlı olduğunu etiraf etdi. Klub rəsmisi təcrübəsizliyi önə çəkməklə yanaşı, növbəti ev oyunlarında əməli tədbir görəcəklərini vəd etdi: “İlk dəfədi ki, qrup mərhələsinə vəsiqə qazanmışıq. Görüləsi həddən artıq çox işlərimiz var. Əlbəttə, azarkeşlərimizin rahatlığı bizim üçün çox vacibdi. Diqqətimizdən yayınıb. Növbəti ev oyunumuz üçün bütün çatışmazlıqların aradan qalxması üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda, püşkatmadan sonra UEFA nümayəndələri ilə oyunun başlamasa saatını daha ertə vaxta çəkilməsinə dair də söhbətimiz olmuşdu. Onlar bunu isti qarşılamadılar. Çünki qrup mərhələsində teleyayım, reklam məsələləri bir başa UEFA-ya keçir”.
Sonda qeyd edək ki, ötən mövsüm Avropa Liqasının qrupunda iştirak edən “Qarabağ” ev oyunlarını saat 21:00-da başlayırdı. Ancaq son turda evdə qarşılaşacaqları “Krasnodar”la buna nail olmaq mümkünsüzdü. Çünki reqlamentə görə, bütün qruplarda son – 6-cı turun oyunları eyni vaxtda başlamalıdı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp