Dünən “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsi oyununu keçirdi. Əyalət təmsilçisi Bakıda qarşılaşdığı Yunanıstan PAOK-u ilə matçda ümumilikdə, xoş təsir bağışladı. Bu da gözlənilən idi. Daha əzəmətli “Panatinaikos”u sıradan çıxaran komandanın PAOK-a da dişlərini göstərəcəyinə ümid böyük idi. 
Roman Qriqorçukun start heyətində gözlənilməz fiqur kimi Derlis Meza Kollini göstərə bilərik. Paraqvaylı yarımmüdafiəçinin ilk 11-likdə peyda olması nə qədər gözlənilməz idisə, bir o qədər də məntiqəuyğun idi. Rəşad Sadiqovun ideal formasından xeyli uzaq olması, oyun praktikasından korluq çəkən Meza Kollinin önündə yaşıl işıq yandırmışdı. Komanda yoldaşları ilə dil tapmaqda çətinlik çəkən dayaq yarımmüdafiəçisinin fiziki göstəriciləri də ideal formada olmadığından xəbər versə də, ümumilikdə, o, pis təsir bağışlamadı. 
Meza Kollinin “silahdaş”ı Aleksey Qay ənənəvi olaraq, “qara iş”in öhdəsindən layiqincə gəlməyi bacardı.Təcrübəli yarımmüdafiəçi qonaqların mərkəzlə hücum təşkil etmək cəhdlərinin əksəriyyətinin bünövrədəcə boğulmasının əsas səbəbkarı idi. 
Müdafiənin mərkəzində qərarlaşan Vernidub – Stankoviç tandemində birincinin axsamaları müşahidə olunurdu. Bu da gözlənilən idi. Hər halda Rafael Santos zədəli olmasaydı, çətin ki, Qriqorçuk həmyerlisinə start heyətində şans tanıyardı. Cinah müdafiəçilərimiz Rikardinyo ilə Arif Daşdəmirov ümumilikdə, vəzifələrinin öhdələrindən gəlməyi bacardılar. Doğrudu, Rikardinyo hücuma bu dəfə daha az qoşuldu, amma bunu da rəqibin cinah müdafiəçisi Kitsiunun fəallığı ilə əlaqələndirmək olar. “70 nömrə” sürətli cinah reydləri ilə komandasının ən fəal üzvlərindən biri idi.
“Qəbələ”nin hücum xəttinin özəlliyi ondan ibarətdi ki, rəqib qapısının torunu silkələmək iqtidarında olan 3-4 futbolçusu var. Zets, Dodo, Zenyov istənilən an rəqibin mərkəzə dəvət olunmasını təşkil etmək iqtidarındadılar. Təəssüf ki, ön xətdə qərarlaşanlardan biri – Aleksey Antonov barədə bu sözləri demək mümkün deyil. Topla və ya topsuz, olduqca ləng tərpənən Antonov, uca boyundan da lazımınca istifadə edə bilmir. Əlbəttə, “əmək kitabçası”na baxdıqda onun kifayət qədər keyfiyyətli forvard olduğunu görə bilərik. Ancaq günümüzdə ukraynalı futbolçu “Qəbələ”nin hücum xəttinin ən zəif bəndidi. Qriqorçuk onu “ikinci hücumçu” kimi də sınağa çəkdi, həlledici fiqur kimi də oynatdı. Yəni, Alekseyə həddən artıq çox şans verilib. Bacarmır, alınmır. Dünən də heç nəylə yadda qalmadı. Ancaq xırda follar qazanmaqla 90 dəqiqə baş girələmək… Hazırda ən çox şans qazanan futbolçular arasında qışda yola salınmağa 1 nömrəli namizəd cari avrokubok mövsümündə 9 oyuna 1 qol vurmuş (onu da Tiflis “Dinamo”su ilə cütlüyün müqəddəratı böyük ölçüdə həll olunduqdan sonra boş qapıya) Aleksey Antonovdu.
Zetsin dişsizliyi Qriqorçukun “səbr kasası”nı 45 dəqiqəyə necə daşdırdısa, təcrübəli mütəxəssis 2-ci hissəyə Fakundo Pereyrayla başlamağı qərara aldı. Pereyranın faydalı iş əmsalı ancaq Sergey Zenyovla müqayisəyə gələ bilər. Estoniya yığmasının futbolçusu kimi, argentinalı da meydanda olduğu vaxt durmadan işlədi. Fərqlənmədi, ancaq kim fərqləndi ki?
“Qəbələ” qol epizodlarına görə rəqibini üstələdi. Bəzi anlarda “bəxt İlahəsi” təmsilçimizə arxa çevirib özünü görməzliyə vurdu. Ancaq unutmayaq ki, bu, qrup mərhələsidi. Altı turu əhatə edən turnirdə hər xal qızıl qiymətinədi. “Qəbələ” də tarixində ilk dəfə oynadığı bu mərhələdə ilk xalını qazandı. 1-ci turdan sonra qrupda yaranmış vəziyyəti qənaətbəxş hesab etmək olar. Almaniya “Borussiya”sı son dəqiqələrdə “Krasnodar”ın qapısından qələbə topunu keçirməsəydi, vəziyyət xeyli qəlizləşmiş olardı. İndilikdə isə heç nə itirilməyib. “Arılar” favorit kimi qrupun ən çox bal verən çiçəyini (1-ci pilləni) sovurmaqla məşğuldu, digər üçlük isə…
CEYHUN ƏLİYEV
Shares: