Ötən gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə 0:0 bərabərə qalıb.
"Bakcell Arena"dakı oyundan sonra saytımıza açıqlama verən "Qəbələ"nin braziliyalı müdafiəçisi Rikardinyo bu sözləri deyib:
– Oyun haqqında nə deyə bilərsənp?
– Biz heyətində çox yaxşı futbolçular olan komandaya qarşı oynadıq. Öz meydanımızda oynadığımız üçün qələbə qazanmaq istəyirdik. Stadionda da xeyli azarkeş var idi. Düzdü, bu matçda qələbə qazanmadıq, amma yaxşı oyun göstərdik və qol imkanları yaratdıq. 3 xal əldə edə bilərdik, lakin futbolda hər zaman qol vurmaq mümkün deyil. Bəzi səhvlərimiz oldu. Bunun üzərində işləyib, növbəti oyunlarda daha az səhv etməyə çalışacağıq. Baş məşqçimiz səhvlərimizi bizə dəyəcək, onların üzərində işləyəcəyik. 
– İki xal itirdiz, ya 1 xal qazandız?
– Demək çətin olsa da, 1 xal qazandıq, 2 xal itirmədik. Zəif komandaya qarşı oynamırdıq. PAOK-un tarixi var. Avropada kifayət qədər təcrübəsi var. Onlar qitəmiqyaslı turnirlərdə böyük komandalara qarşı bizdən daha çox oynayıblar. Həmçinin Yunanıstan çempionatında “Panatinaikos” və “Olimpiakos” kimi komandalar var. Bu klub onlara qarşı çıxış edir. Biz növbəti mərhələyə çıxmaq haqqında düşünürük. Sadəcə, futbolda bəzən bəxt də adama kömək etməlidi. Xüsusən böyük komandalara qarşı matçlarda bu vacibdi. Daha 5 oyunumuz var. Həmin qarşılaşmalarda daha çox xal qazanmalıyıq.
– Amma qrupa baxsaq, bu komandaların içərisində məğlubediləsi rəqib elə PAOK-du. Lakin “Qəbələ” evdə belə rəqibə qalib gələ bilmədi…
– Özünüz də gördünüz ki, PAOK-a qarşı müdafiədə oynamadıq. Hücumlara da çıxırdıq və qol vurmaq istəyirdik. Amma ilk oyun idi və buna görə nəticəni pis saymaq olmaz. Qarşıda daha yaxşı oyun göstərməyə çalışacağıq. Sadəcə, qrupdakı rəqiblər elə komandalardı ki, onlarla oyunlarda çox az qol şansı yaxalasan belə, bundan istifadə etməlisən. Təbii ki, bayaq dediyim kimi burada bəxt amilinin də rolu var. Bizim yaxşı şanslarımız olsa da, dəqiqlik və bəxt çatmadı. Ümid edirəm ki, növbəti qarşılaşmalarda belə olmayacaq.
– Rəhbərlik qarşınıza nə hədəf qoyub?
– Qrupda oynayan komandanın hədəfi növbəti mərhələ olmalıdı və bundan başqa heç nə düşünməməlidi. Oyundan-oyuna daha da artırıb, xallar qazanmalıyıq. Biz “Borussiya”ya, “Krasnodar”a qarşı oynayacağıq. Alman komandasının gücü bəllidi. Yəqin ki, Rusiya təmsilçisi də güclü komandadır. Onların haqqında heç nə bilməsəm də, qrupda ikinci güclü komanda sayılır. Bizə bacardığımız qədər çox xal toplamaq lazımdı. İstər “Borussiya” olsun, istərsə də, “Krasnodar” bu komandalarla matçlardan xal almalıyıq. Bunu bacarsaq, növbəti mərhələ şanslarımız da artacaq.
– “Borussiya” ilk oyunda “Krasnodar”ı məğlub edib, favorit olduğunu göstərdi….
– Bu, bəlli idi. Başqa deyiləcək söz yoxdu. “Borussiya” Çempionlar Liqasında final oynamış komandadı. Onlar çempionatda “Bavariya”, “Bayer” kimi komandalarla mübarizə aparır. Bu komandanı müzakirə etməyə ehtiyac yoxdu. Artıq onları qrup birincisi saymaq olar. Hər çempionatın səviyyəsi onun komandalarına təsir edir. ÇSKA, “Spartak” olan çempionatda “Krasnodar” da Avropaya getmək üçün güclü olmalıdı. Onlarla matçda qələbə qazanmaq çox çətindi.
– Növbəti mərhələ haqqında danışsanız da, “Krasnodar”ın kapitanı Andreas Qrankvist müsahibəsində qrup ikiniciliyini məhz Rusiya komandasının qazanacağını bildirib…
– Bu barədə nəsə demək çətindi. Onun belə danışmağa haqqı var və yəqin ki, komandasının gücünə bələddi. Bizəm autsayder gözü ilə baxırlar. Amma bununla barışmaq fikrimiz və asan təslim olmaq niyyətimiz yoxdu. Bizə gərək sona qədər döyüşək. Bura qədər boş yerə gəlmədiyimizi sübut edək. Hər şey oyunlar aydınlıq gətirəcək.
AĞA
Shares: