Dünən tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsi oyununa çıxan “Qəbələ”nin oyunun təşkili baxımından hər hansı bir iradla üzləşməyibmi? Oyunun UEFA direktoru meydan sahiblərinə müəyyən xırda iradlarını bildirsə də, böyük ölçüdə qrup mərhələsinin debütantının təşkilatçılığından razı qalıb.
Bu barədə futbolinfo.az saytına “Qəbələ”nin marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verib. Klub rəsmisi oyunun direktorunun qeydləri barədə bunları söylədi: “Matçın direktoru ümumilikdə, oyunun təşkilindən razı qaldı. Ancaq bir sıra xırda məsələləri nəzərə almadığımızı diqqətimizə çatdırdı və tövsüyə etdi ki, gələcək oyunlarda VİP-lojada azərbaycanlı və qonaq komandanın azarkeşləri arasında canlı sədd yaradılsın. Konkretləşdirsək, iki komandanın azarkeşləri arasında stüartlardan ibarət səddi nəzərdə tuturdu. Eyni zamanda, stüartların matçın başlamasına 1 saat qalmış gəlmələrini də diqqətimizə çatdırdı. O, bildirdi ki, stüartlar görüşə saat yarım qalmış stadionun giriş qapılarında dayanmalıdırlar. Bundan əlavə də bəzi xırda detalları diqqətimizə çatdırdı. İlk dəfə idi ki, bu səviyyədə oyun keçirirdik. Bu cür çatışmazlıqlar təbiidi. Növbəti ev oyunlarında hansısa iradla üzləşəcəyimizi düşünmürəm. Cərimə? Yox, heç bir cərimədən söhbət gedə bilməz. Sadəcə, tövsiyə xarakterli qeydlər edildi ki, bunlar da təcrübə qazandıqca, aradan qalxacaq”.
Qeyd edək ki, “Qəbələ” növbəti ev oyununu Dortmund “Borussiya”sına qarşı oktyabrın 22-də keçirəcək.
Shares: