Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” qrup mərhələsində mübarizəyə start verdi. Londonda keçirilən qarşılaşmanı stadiondan izləmək, o ab-havanı yaşamaq mənə də nəsib olduğuna görə özümü xoşbəxt saya bilərəm. Düzdü, məğlubiyyət yerinə düşmədi. Amma bu, hardasa gözlənilirdi.
Hərənin öz oyunu
Bizi Britaniyaya aparan təyyarədə ilk olaraq jurnalitlər öz yerini tutdu. Futbolçular bir az gecikdiyindən təyyarə təxminən yarım saat gec – 18:30-da havaya qalxdı. Bizi qarşıda 5 saat yarımlıq uzun yol gözləyirdi.
Ön sıralarda əyləşən futbolçuların bəziləri musiqiyə qulaq asır, bəziləri öz aralarında söhbət edir, bəziləri isə yatırdı. İlk dəfə belə uzun səfərə çıxan bəndənizdən fərqli, təcrübəli həmkarlarım yolun darıxdırıcı keçməməməsi üçün özlərindən maraqlı oyunlar kəşf etmişdilər. Hərflərə əsasən, deyilən şəhər adlarında əksər hallarda ATV-nin əməkdaşı İlkin Xəlilov qalib gəlirdi. Bəribaşdan deyim ki, Londonda olduğumuz 3 gün ərzində İlkinin etdiyi zarafatlar, danışdığı məzəli əhvalatlar səfərin daha da maraqlı keçməsinə səbəb oldu.
Biz başımızı bu cür qatırdıqsa, təyyarənin ön sıralarında əyləşən futbolçuların bəziləri yatır, bəziləri isə müxtəlif oyunlarla vaxtını keçirirdilər. Ən çox diqqətimi cəlb edən şeylərdən biri isə komandanın yeni transferlərinin əsasən, tək oturub musiqiyə qulaq asmaları və ya telefonla müxtəlif oyun oynamaları idi.
Yerli vaxtla 21:00-da ”Stensted" hava limanına çata bildik. Bura şəhərin əsas aeroportu olan “Hitrou”dan fərqli olaraq, nisbətən kiçik və sakit bir yer idi. Pasport qeydiyyatından keçdikdən sonra bizi otelə aparmaq üçün ayrılan avtobusa mindik. Təmiz havadan ciyərlərimizə çəkə-çəkə məskunlaşacağımız 4 ulduzlu “White House Melia” otelinə yola düşdük.
1 saatlıq yoldan sonra otelə yerləşə bildik. Artıq saat 22:00 olduğundan şəhər gəzintisinin baş tutmayacağı aydın idi. Bu yerdə bir şey qalırdı: dincəlib, səhəri gözləmək.
Möhtəşəm tikilililər və “Stemford Bric”
Səhər açılan kimi həmkarımız Kənan Məstəliyev Londonun böyük xəritəsini stolun üstünə sərib şəhərin ən məşhur, görməli yerlərini axtarırdı. Onun bu axtarışı kənardan sanki 2-ci dünya müharibəsində alman generalların işğal planını hazırlamasına bənzəyirdi. Bu, Kənanın ilk səfəri olmadığından təcrübəsi hiss edilirdi. Çünki həmkarım artıq Bakıdaykən baş çəkilməli məntəqələri müəyyənləşdirmişdi.
London deyildiyi kimi varmış. 10 milyona yaxın əhalisi olan şəhərin yollarında 1 dəfə də olsun tıxaca rast gəlmədim. Maşın siqnalı isə ümumiyyətlə, eşitmək mümkün deyildi. Sadə geyimli insanlar çox mehriban və nəzakətli görünürdü.
Paytaxt küçələrini gəzdikcə qarşımıza demək olar, bütün irqlərdən, dinlərdən insanlar çıxırdı. Açıq-saçıq geyinənindən tutmuş hətta yalnız gözləri görünən qaraçadralı müsəlman xanımlara kimi hamı sakitçə öz işində idi. Müqayisə etsək, bəlkə də bizlər bir-birimizə qarşı daha aqressiv və əsəbiyik.
Bundan əvvəlki səfərimdə Tiflisdə çox az sayda polis görmüşdümsə, Londonda heç ona da rast gəlmədim. Şəhərin tikililəri isə bir başqa idi. Qırmızı kərpicdən tikilən sadə və maksimum 2 mərtəbə olan evlər qədimi görünsə də, təzə idi. Bəlkə də, küçələrdəki müasir ünsürləri bir anlıq görməzdən gəlsək, insan özünü hətta 19-cu əsrdə də hiss edə bilər.
“Madam Tüsso” müzeyinin qarşısında uzun növbə var idi. Düzdü, muzeyi görmək maraqlı olardı. Lakin növbədə çox vaxt itirmək istəmirdik. Odu ki, yolumuza davam etdik. Növbəti dayanacağımız isə “Şerlok Holmes”in ev muzeyi oldu. Məşhur şotland yazıçı Artur Konanın yaratdığı bu obraz dünyada məşhurdu. Bəziləri bu qəhrəmanı əsərdən, bəziləri isə məşhur rejissor Qay Riçinin 2009-cu ildə lentə aldığı eyniadlı filmdən xatırlayır.
Londona gəlib, “Big Ben”i ziyarət etməmək günah olardı. Biz də günaha batmaq istəmədik. Əzəməti ilə göz oxşayan tikilini ilk dəfə görəndə qəribə hisslər keçirdim. Uşaq vaxtından bəri ancaq dəftərlərin üzərində gördüyüm bu möhtəşəm bina qarşımda idi. “Britaniyanın səsi” adlandırılan bu saat şəhərin rəmzlərindən biri sayılır. “Eyfel” qülləsi Paris üçün nə deməkdisə, Londonda da bu 157 yaşlı tikili odu.
Bu tikilidən bir az aralıda isə “Londonun gözü” adlı fırlanan çarx yerləşirdi. Lakin biz ora gedənə kimi Temza çayının üzərindəki körpüdən keçməli idik. Körpüdən keçən vaxt güclü yağışa düşdük. Paltarımız nazik olduğundan yağmurun dayanmasını gözləmək üçün sığınmağa yer tapmalı idik. Bizdən fərqli olaraq, yerli əhali bu cür havaya artıq tədbirli idi.
Yağış dayandıqdan sonra bayaq bəhs etdiyim hündür çarxa tərəf istiqamət aldıq. 135 metrlik bu çarxdan bütün London əl içi kimi görünür. Çarxın yaxınlığında olan suvenir mağazalarında maraqlı eksponatlar var idi. Şəhərin rəmzləri olan telefon butkası, bizim “badımcan” deyib, hörmətdən saldığımız London taksisi, “Big Ben” və s. suvenirlər… Vaxt tapıb, dükanda nəzarətçi işləyən şəxslə də söhbət etmək imkanı qazandım. Əslən pakistanlı olan bu şəxs burada doğulduğunu Azərbaycanı tanıdığını da bildirdi.
4-5 saatlıq piyada gəzintidən sonra nəhayət, London metrosuna da minməyi qərara aldıq. “London Tube” adlanan, yerüstü və yeraltı bu nəqliyyat sistemi 1863-cü ildən fəaliyyətdədi. Dünyanın ən qədim metropliteninin uzunluğu 405 km-di.
Londonda “qara bazar”
Burada artıq dəstəmiz 2 yerə bölündü. 5 nəfər otelə, 3 nəfər – mən, Kənan Məstəliyev və Elnur Həmidov “Stmefor Bric”ə – “Çelsi”nin stadionuna baş çəkməyi qərara aldıq. Klubun adını daşıyan stansiyada qatardan düşdükdən sonra stadionunu tapmaq bizim üçün elə də çətin olmadı. Çünki qarşımıza çıxan şəxslərdən biri “zadəganlar”ın formasını geyinən gənc idi. Həmin gənc oğlanın dediyi istiqamətdə stadiona doğru getdikcə qarşımıza çox tanış bir mənzərə çıxdı – “qara bazar”. Bu da əbəs yerə deyildi. Belə ki, həmin axşam Çempionlar Liqasının qrup mərhələsi çərşivəsində “Çelsi” doğma divarlar arasında Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaqdı. Maraq üçün qiyməti soruşduqda alverçi biletin 50 funta olduğunu bildirdi. Oyun saatı ilə “Qarabağ”ın mətbuat konfransı eyni vaxtda olacağından bu qarşılaşmaya baxmağımız qeyri-mümkün idi.
Stadionun yanına çatdıqda isə çox təəccübləndim. Belə ki, arena kənardan adi bir binanı xatırladırdı. Hətta ad yazılmasa, buranın “Stemford Bric” olduğunu bilmək olmaz. Bura qədər gəlmişiksə, klubun mağazasına baş çəkəmək maraqlı olardı. Komandaya aid maraqlı aksessuarların, formaların satıldığı böyük mağazada nəzarətçilərdən biri ilə söhbətləşdik. Maraq üçün ondan Tofiq Bəhramovu tanıyıb-tanımadığını soruşdum. O isə ağzını büzərək “xeyr” deyib, başını yellədi.
Təbrizli diktor
Bir neçə saatdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçın keçiriləcəyi “White Heart Line”da mətbuat konfransına çıxacaqdı. Ona görə də qaldığımız otelə tələsdik…
Həmkarlarımızdan birinin “yağışlı hava”nın komandanın oyununa mənfi təsir göstərəcəyi ilə bağlı verilən suala Qurbanov “sabah havanın necə olacağını bilmək” olmaz cavabını verdi. Ümumiyyətlə, konfrans boyunca baş məşqçi çox rahat və təmkinli görünürdü. Qurban bəyin mimikalarından hiss olunurdu ki, onun komandasına inamı böyükdü.
Mütəxəssis jurnalistlətin suallarını cavablandırdıqdan sonra komandası ilə məşqə çıxdı. Meydançanın kənarında isə bizim tanıdımadığımız, amma Azərbaycan dilini bilən bir nəfər durmuşdu. Onunla söhbətdə aydın oldu ki, bu şəxs təbrizlidi və 24 ildi ki, Britaniyada yaşayır. Matçda Azərbaycan dilində diktorluq edən şəxs bizə əslində “Arsenal” fanatı olduğunu da bildirdi.
Növbəti gün matçın startına kimi məşhur “Uembli” və şəhərin digər komandası olan “Arsenal”ın ev oyunlarını keçirdiyi “Emerets” stadionuna baş çəkməyi qərara aldıq. İlk dayanacağımız “Uembli” oldu. Avropanın ən nəhəng arenalarından olan bu stadionun da fan-şopuna baş çəkməyi qərara aldıq. Burada da ingilislərin dünya çempionu olmasında “payı olan” Bəhramovu xatırlamadılar.
Bu möhtəşəm stadionu tərk etdikdən sonra “Emereyts” stadionuna baş çəkdik. Arsenal metrosunun yaxınlığında yerləşən stadion görünüşünə görə, “Stemfod Bric” və “White Heart Line”dən gözəl idi. Elə fan-şopu da daha maraqlı idi. Lakin burada çox qalmağa vaxtımız olmadığından təcili otelə qayıtmalı idik. Çünki bir azdan bizi oyunun keçiriləcəyi stadiona aparan avtobus yola çıxacaqdı.
Qarşılaşmadan təxminən 2 saat əvvəl stadiona çatdığımızdan ətrafda olanları müşahidə etmək maraqlı idi. Ətrafda bir nəfər də olsun polis işçisi yox idi. Yalnız stüartlar var idi ki, onlar da işinin öhdəsindən asanlıqla gəlirdi.
Oyuna kimi “Qarabağ”ı tanımırdılar….
Boşluqdan istifadə edib bir neçə nəfərdən “Qarabağ” və Azərbaycan haqqında nə bildiklərini soruşduq. Bütün cavablar eyni oldu – “heç nə”.
Matçın başlamasına bir saat qalmış bizə ayrılan sektorda öz yerimizi aldıq. Maraqlıdı ki, burada media üçün ayrılan yer çox narahat idi. Adi bir tərpəniş, hətta ayağa qalxmaq belə çox çətin idi.
Artıq vaxt keçir, oyunun başlamasına dəqiqələr qalırdı. Tribunalar isə dolmurdu. Təbii ki, bu, hamımızı təəccübləndirirdi. Axı, bizə dünən 32 min bilet satıldığı deyilmişdi. Ancaq hər şey bir göz qırpımında dəyişdi. Matçın başlmasına 5-10 dəqiqə qalmış tribunalar hələ də boş idisə, hakimin start fitində artıq azarkeşlərin hamısı öz yerini almışdı.
İngilis azarkeşlərin dəstəyi çox maraqlı idi. Onlar təmsilçimizin hər hücumunu uğultu ilə qarşılayır və dayanmadan müxtəlif mahnılar oxuyurdular. Küncdə yer alan təxminən 200-ə yaxın azərbaycanlı da onlardan geri qalmamağa çalışırdı. Onlar da tez-tez fəallığı ilə seçilir və “Qarabağ”ı irəli səsləyirdi.
Əsəbi Qurbanovun mükafatı
Oyun gözlədiyimizdən də uğurlu başladı. Hakimin təyin etdiyi penaltini Almeyda qola çevirəndə ilk dəfə özümü yad hiss etdim. Belə ki, adətən Bakıda vurulan qollara bütün stadion qalxıb, sevinirsə, bu dəfə tamam fərqli oldu.
Ümumiyyətlə, görüş haqda bir əlavə nə isə danışmağa ehtiyac yox idi. Yalnız meydandan kənarda diqqətçəkən məqam ingilis azarkeşlərin tribunada çılğın olduğu qədər kənarda mədəni olmaları idi. Fasilədə yemək almaq üçün növbəyə duran azarkeşlərin intizamı pozmaması, heç kimin bir-birinin qarşısına keçməyə cəhd belə etməməsi çox gözəl mənzərə idi. Sanki bayaq tribunada çılğınlıq edənlər tamam başqaları idi.
Oyundan sonra mətbuat konfaransında baş məşqçi Qurban Qurbanovun əsəbi olduğu hiss edilirdi. Hər halda, müdafiədə buraxılan səhvlər görünür, onu da əsəbləşdirmişdi. Amma növbəti gün Qurbanovun əsəbi tamamilə soyumuşdu. Ən azı bunu təyyarədə hiss etmək olardı. Həmkarlarımın 5 saatlıq yolda vaxt keçirmək üçün domino oynadığını görən çalışdırıcı yarışa müəyyən məbləğdə pul mükafatı da təyin etdi. Bundan sonra əsl “qırğın” başladı. Sonda Rüstəm Əfsərli – Firuz Abdulla cütlüyü bu mübarizədə hamıdan güclü olub, mükafata yiyələndilər.
Beləcə, şən və maraqlı səfər xoş xatirələrlə başa çatdı. Jurnalitlərə yaratdığı şəraitdə görə “Qarabağ” rəhbərliyinə, göstərdiyi gözəl oyuna görə isə Qurban Qurbanov və onun yetirmələrinə xüsusi təşəkkür düşür.
ELMAR ABDULLA-ZADƏ, Bakı – London – Bakı