Gözlənilmədən Bakı Olimpiya Stadionunda son məşqini keçirməyə qərar verən "Neftçi"nin bu addımı birmənalı qarşılanmadı. "Xəzər Lənkəran"la vacib oyun öncəsi matçın keçiriləcəyi "Bakcell Arena"da, yaxud əvvəllər də məşq etdiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda deyil, Olimpiya stadionunda məşqə çıxması paytaxt təmsilçisi adına bir qədər qəribədi. 
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, bunun özəl səbəbləri var. Düzdü klubun mətbuat xidmətindən bizə "Bakcell Arena"nın ot örtüyünün yaxşı vəziyyətdə olmaması üzündən bu addımı attıqlarını dedilər. Belə ki, Avroliqa oyunundan sonra qazonun vəziyyəti yaxşı olmadığından burada sözügedən məşqin keçirilməsi sabah Lənkəran təmsilçisi ilə matçın taleyini sual altında qoya bilərmiş. Arenaya baxış keçirən klub rəhbərliyi buranın ot örtüyünün bərbad durumda olduğunu gördükdən sonra məşq üçün əlavə meydança axtarmalı olub. Amma "Neftçi"nin həmişə olduğu kimi, Bakıxanov stadionuna deyil, yenilik sayıla biləcək Olimpiya stadionuna üz tutması maraq doğurur. Onu da əlavə edək ki, "ağ-qaralar" bu arenanın əsas yox, əlavə meydançasında hazırlaşacaq.
Əldə etdiyimiz özəl məlumata görə, "Neftçi"nin Olimpiya stadionuna üz tutması heç də bu arenanın milli səviyyəsində oyuna hazırlıq xarakteri daşımır. Məsələnin bununla heç bir bağlılığı yoxdu. Sadəcə, artıq "Neftçi"ni İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna buraxmırlar. "Neftçi İdman Klubunun" balansında olan bu arena "ağ-qaralar"ın keçmiş prezidenti Sadıq Sadıqovun nəzarətindədi. O, isə "Neftçi"nin bu stadiona daxil olmasının qarşısını hər yolla almağa çalışır. Belədə, çətin vəziyyətdə qalan bakılılar Olimpiya stadionuna üz tutmalı olub. 
Maraqlıdı ki, Çingiz Abdullayev "Neftçi"nin Müşahdə Şurasının sədri seçilərkən, ilk görüşdə Bakı Olimpiya Stadionunun onlara verilməsini istəmişdi. Həmin vaxt bunun çox tez olduğunu Çingiz bəyə bildirmişdilər. Amma deyəsən, son hadisələrdən sonra Abdullayev arzusuna çatacaq. Bəlkə də, "Neftçi"də rəhbər postunda əvəzlədiyi Sadıq Sadıqovun əli ilə. 
Shares: