Topaz Premyer Liqasında 5-ci turun qarşılaşmaları davam edir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.
Gəncə şəhər stadionundakı arşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyəti belə şərh edib:
“Yaxşı mübarizəli, qollu, azarkeşləri sevindirəcək oyun oldu. Necə planlaşdırmışdıqsa, penaltiyə qədər elə də oynadıq. İkinci hissədə isə planı dəyişdik. “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq ölümə bərabər bir şey olsa da, biz qorxmadıq. Qol vurmaq, oyunu xilas etmək üçün irəli atıldıq. İkinci hissədən razıyam. Düşünürəm ki, fərdi səhvlərdən sonra qollar buraxdıq. Mənə elə gəlir ki, “Qarabağ”la oyun hər bir oyunçu üçün, məşqçi üçün bir dərslikdi. Bu komanda ilə oyundan sonra üstün cəhətləri və səhvləri aydın görmək mümkündü. Heyətdə çatışmazlıqlar var. Mən hər dəfə ehtiyat oyunçulara baxanda matçı dəyişmək üçün adam axtarırdım. Düşünürəm ki, futbolçular bu cür azarkeş dəstəyi qarşısında oynamağa borcludurlar".
Təcrübəli mütəxəssis Ağdam klubunda çıxış edən oğlu Coşqun Diniyevin hesabı açmasına belə münasibət bildirib: "Oyunda ilk qolu Coşqun vurdu. Sizə bir söz deyim. Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu: “2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula”. Oyundan sonra Coşquna zarafatyana dedim ki, “get özünə yer tap, daha evə gəlmə”. Sözsüz, bütün bunlar zarafatdı. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdı. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi”.