"Qəbələ"nin futbol direktoru Toni Adams ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis klubun akademiyası və əsas komanda ilə bağlı bir çox məsələlərdən söhbət açıb:
– İlk dəfə Azərbaycana gedəndə sizə nə motivasiya verdi ki, orda çalışasınız?
– Azərbaycanda futbol layihəsi fantastik və maraqlıdı. Artıq 5 ildən çoxdu bu ölkədə fəaliyyətdəyəm. “Qəbələ” ilə 2010-cu ildə müqavilə bağladım və ilk olaraq, komandanın baş məşqçisi kimi işə başladım. Ancaq təxminən 18 aydan sonra klubun prezidenti ilə görüşdüm və dedim ki, bundan sonra çalışmağım vaxt itkisi olar. Çünki komandanın keyfiyyəti o qədər də yüksək deyildi. Bundan əlavə, mən Qəbələdə çalışırdım, ailəm isə Bakıda yaşayırdı. Həmin vaxt övladlarım istədiyim keyfiyyətdə təhsil ala bilmirdilər. Buna görə də, prezidentə dedim ki, klubda başqa vəzifəni tuta bilərəm? Düşündüm ki, başqa sahədə kluba daha çox xeyrim dəyər və istirahətə də daha çox vaxt ayıraram. Bundan sonra prezidentin müşaviri təyin edildim və klubun infrastrukturunun formalaşmasında yaxından iştirak etməyə başladım. Meydançaların salınması uzun çəkən prosesdi. Bunun üçün Danimarka və Portuqaliyadan podratçılar Azərbaycana gəldilər. Bu işdə mən də öz məsləhətlərimi verdim. Prezidentin müşaviri təyin edilməyim mənə İngiltərəyə, Londona rahat gedib-gəlməyə imkan verirdi. Hardasa 2 il yarım bu işi gördüm. Daha sonra prezidentlə növbəti dəfə görüşdüm ki, onun klubla bağlı fikirlərini bilim. Hər şey aydın oldu. Klub prezidentinin düşündüyü layihədə ölkədə ən yaxşı futbol akademiyasını inşa etmək, əla şərait qurmaq, Azərbaycan Premyer Liqasında çempionluğa oynayan komanda yaratmaq və heyətə bir neçə ildən sonra öz akademiyamızın yetirmələrini cəlb etmək kimi məsələlər yer alırdı. Artıq ölkənin ən yaxşı futbol akademiyasına sahibik. Məncə, Azərbaycanın bütün yığmalarına gedən futbolçuların 50 faizi məhz “Qəbələ”nin akademiyasının yetirmələridi. Yaradılan şəraitə söz ola bilməz. 6 qapalı, 2 sintetik örtüklü meydança və 4 minlik stadion. Akademiya və oteli də qeyd etməliyəm. Akademiya yaratdıqdan sonra biz “Qalatasaray”ın məşqçisi Ali Yavaşı dəvət etdik. Bundan sonra isə “Feyenord”dan Stenli Brardı kluba gətirdim. Onun qarşısında komandanın oyun tərzini formalaşdırmaq missiyası qoyuldu. “Qəbələ”nin prezidenti “Barselona”nın oyununu bəyəndiyini bildirdi. Biz hamımız bu komandanın oyun stilini bəyənirik. O istəyirdi ki, “Qəbələ” də baxımlı futbol sərgiləsin. Bu səbəbdən məhz Stenlini məsləhət gördüm. “Barselona”da total futbolu Yohan Kroyff yaratmışdı. Prezidentimiz dedi ki, Stenli həmin işi “Qəbələ”də görə bilər.

 
– Hazırda klubda hansı vəzifəni icra edirsiz?
– Bir ara əsas komandada çoxlu rumıniyalılar çıxış edirdi. Məhz həmin futbolçulara görə “Qəbələ” turnir cədvəlində 6-cı pillədə qərarlaşmışdı. Bu vaxt prezidentimiz mənə dedi ki, Toni, mənə əsas komanda ilə bağlı kömək lazımdı. Mənə klubda futbol direktoru vəzifəsini tutmağı təklif etdi. Amma dedi ki, razılaşsanız, Azərbaycana qayıtmalısız. Lakin fasilə müddətində İngiltərəyə rahat gedib gələ biləcəkdim. Əsas komandaya kömək lazım olduğundan, mən Azərbaycana qayıtdım. Yanvarda komandanın baş məşqçisi postuna Roman Qriqorçuk gətirildi. Eyni zamanda, bir neçə ukraynalı futbolçu transfer edildi. Mən bu məşqçinin işindən heyrətləndim. O, möhtəşəm məşqçidi. Ünsiyyətə açıqdı, dürüstdü, dinləməyi və qərarını dəyişməyi bacarır. Xüsusilə, qapı və müdafiə xəttinə yaxşı oyunçular gətirdik. Ötən mövsüm ardıcıl 8 oyunda komanda qələbə qazandı və mövsümü 3-cü pillədə başa vurduq. Cari mövsümə də yaxşı başladıq. Bundan əlavə, “Qəbələ” Avropa Liqasında da özünü yaxşı tərəfdən göstərməyi bacardı.

 
– “Qəbələ”də əsas hədəfiniz nədən ibarətdi?
– Dediyim kimi, məqsəd ölkədə ən yaxşı akademiyaya sahib olmaq və çempionluq uğrunda mübarizə aparmaqdı. Əgər Azərbaycan kimi ölkədə çalışırsızsa, ancaq akademiyanın uşaqları ilə ölkə çempionu olmaq çətin məsələdi. Bundan əlavə, zəif heyətlə Avropa və ya Çempionlar Liqasında da problemlə üzləşə bilərsən. Biz daha da inkişaf etmək istəyirik.

 
– “Qəbələ” yaxın illər ərzində Çempionlar Liqasının qrup mərhələsində oynaya bilər?
– Çempionlar Liqasının qrup mərhələsinə düşmək balaca ölkə üçün böyük bir iş olar. Məncə, bəzən kiçik ölkələrin komandalarından çox böyük uğur tələb olunur. Dürüst olmaq lazımdı, möhkəm alman və ya fransız komandaları ilə qarşılaşanda çətinliklə üzləşirsən. Bizim bəxtimiz gətirdi ki, Avroliqanın seçmə mərhələsində Gürcüstan, Serbiya və Kipr komandaları ilə qarşılaşdıq və bu, komandanın inkişafı üçün xeyirli oldu. “Panatinaikos” qarşılaşdığımız ilk ciddi rəqib idi.  
Shares: