“Böyük oyun” matçdan sonra məşqçilərin bir epizodu – nəticəyə təsir etməyən məqamı – müzakirə edəcək qədər kiçildilməməlidi. Dünən baş tutan “Neftçi” – “Xəzər Lənkəran” görüşünün son dəqiqələrində Erik Ramosun “Fair Play” qaydalarına riayət etməməsi böyük qəbahət idi. Ancaq bakılıların üzvünün hərəkəti heç də matçın müqəddəratını həll etmədi.
***
Ümumiyyətlə, iki barışmaz rəqibin duelində yalnız bir komandanın azarkeşlərinin stadiona buraxılması futbolumuz adına utancverici məqamdı. Hə, həqiqətən onların əvvəlki oyunlarında problem olub. Ancaq keçmişdəki olaylara görə “ömürlük həbs” də doğru deyil. “Neftçi”ylə “Xəzər Lənkəran”ın duellərinə qonaq azarkeşlərin buraxılmaması qadağası mütləq ləğv edilməlidi. Yalnız bir tərəfin dəstəyi ilə futbol gözəl olmur – Lənkəranda da, Bakıda da ev sahiblərinin məğlubiyyətsiz seriyası uzanır, bir tərəfin nəzərəçarpan üstünlüyü diqtə edilir.
İş ondadı ki, oyuna baxmaq istəyən lənkəranlı azarkeşlər istənilən halda stadiona daxil olur. Bölgədəki matçda bu, mümkün olmursa, paytaxtda az sayda da olsa, cənublu fanat sıradan vətəndaş kimi tribunada yerini tita bilir. Onlar bunu gizli edə bilirlər. Son oyunda bu fakt da ifşa olundu və onların “Neftçi” fanatları ilə deyişməsi az qala davaya çevriləcəkdi. Polisin müdaxiləsi olmasaydı, daha böyük olaylar yaşanardı.
Bu fakt bəlkə də qadağnın qüvvədə qalmasını şərtləndirir. Lakin iş ondadı ki, qonaq azarkeşlər oyuna buraxılsa və müəyyən sektorda yerləşdirilsəydi, qalmaqalın qarşısı alınardı. Təşkilatçılar bunun öhdəsindən gəlməyəcəksə, o zaman başqa işlə məşğul olsunlar.
Bir maraqlı məqam da odur ki, hər iki klub sanki AFFA-nın qadağasıyla barışıb, azarkeşlər veclərinə də deyil, qulaqlarının sakit olmasını istəyirlər. Halbuki tərəflər öz aralarında razılaşıb futbol qurumuna qadağanın götürülməsi ilə bağlı müraciət etməlidilər. Azarkeşlər onlara lazım deyilsə, o zaman qoy bu qadağa davam etsin.
Son illərdə ilk dəfə idi ki, “Neftçi” azarkeşlərində hansısa təşkilatçılığın işartıları göründü. Artıq tribunalar bir-birinə dəstək verir, fanat qrupları müəyyən epizodlarda həmrəylik nümayiş etdirirdi. Bununla belə, yenə də pərakəndəlik, hər fan-klubun öz istədiyi kimi komandasını dəstəkləməsini müşahidə etdik.
***
Bəlkə də “Böyük oyun” adına uyğun matç izləmədik. Amma yenə də gərginlik ən üst səviyyədə idi. Futbolçularda ustalıq lazımi səviyyədə olmasa da, gənclərin əzmkarlığı qarşılaşmaya rəng qatırdı. “Neftçi” heyət baxımından azacıq üstün görünsə də, məşqçi amili sözünü dedi. “Xəzər Lənkəran” matçın böyük hissəsini azlıqda oynadı, ancaq məhz Yunis Hüseynovun rəqib həmkarından daha təcrübəli olması sözünü dedi. Qonaqlar say azlığını meydana düzgün paylaşmaları sayəsində hiss etdirmədi.
“Neftçi”nin qələbə qazanmaq şansı böyük idi. Penaltini boşa verən Araz Abdullayev bunun əvəzini gözəl qolla çıxdı. Lakin “Xəzər Lənkəran”ın lideri Rahid Əmirquliyev elə bir qol vurdu ki… Son oyunlarda millinin də ulduzuna çevrilən yarımmüdafiəçinin fərqləndiyi epizodda bəxt də qonaqların tərəfində idi. Rahidin az qala meydanın mərkəzindən qapı qarşısına göndərdiyi top heç bir təhlükə mənbəyi deyildi. Amma “Neftçi”nin legionerləri onu qola çevirməyi bacardı. Xuan Alberto Melli gözlənilmədən başını topdan qaçırdı, Mical Peskoviçsə onun bu hərəkətini gözləmədiyindən debüt oyununda kuryoz qol buraxdı.
İki əcnəbiin vicdanına yazılan bu qolun hesabını bu futbolçulardan baş məşqçi Samir Əliyev soruşacaq. Ola bilsin, qapıçı çıxışda təşəbbüsü üzərinə götürməli, ya da sıçraya biləcək topa hazırlaşmalıydı. Hər nə oldusa, onlardan biri xalların bölünməsinin birbaşa günahkarı oldu. İstənilən halda, “Neftçi”nin oyununda start turlarındakı başıpozuqluqdan əlamət qalmayıb, Əliyev yavaş-yavaş istədiyi oyunu oturdur. Ona yalnız heyətin yetərsizliyi mane olur. Antonio Quinta çox fəal olsa da, ön xəttdə təkdi, Araz əsl istedadını göstərəndə ona asan olur. Fəhmin Muradbəyli də özünü sübut etməkdədi.
Təəssüf Kİ, Samir bəyin şans vermədiyi Ruslan Qurbanov və Məhəmməd Qurbanov formada deyil. Onlar yaxşı durumda olsaydı, gənc məşqçi belə matçda bu cütlükdən imtina etməzdi. Onların millidə start heyətdə yer alması, “Neftçi”də isə ümumiyyətlə, şans qazanmaması nonsens olsa da, reallıq belədi. Ayltonun yoxluğunda müdafiədə yer alan Əziz Quliyev belə səviyyə ilə uzağa getməyəcəksə, oyundan-oyuna artıran Rahil Məmmədovun çıxışı sevindirir.
***
Məlum qadağa üzündən güclənə bilməyən “Xəzər Lənkəran” heyətdəki oyunçulardan da tam istifadə etmir. Sadio Tounkaranın oynadığı matçlarda daha yaxşı görünən cənublular təəssüf ki, Adrian Skarlatakedən də yararlana bilmir. 5 tura 2 dəfə meydandan qovulan təcrübəli oyunçu hələ ki, ziyanvericiliklə məşquldu. Çox istedadlı, amma təcrübəsiz gənclərə pis nümunə olan rumın müdafiəçi Hüseynovun səbrini daşırsa da, təəssüf ki, baş məşqçi onu oynatmağa məcburdu. 11 nəfərlə oynayacaqları halda, Yunis bəyin qələbə üçün daha çox risk edəcəyi aydın idi. Adrian isə faktiki onun bu imkanını əlindən aldı.
İstənilən halda, Hüseynov lənkəranlılara “Bakcell Arena”da ilk xalı qazandıran çalışdırıcı oldu. Bunadək daha yaxşı heyətlə bura gəlmiş sabiq baş məşqçilər bunu bacarmamışdı. Min oyundan çıxan rəhbərliyin çirkin əməllərini öz bacarığı hesabına pərdələyən Yunis bəyə dekabra kimi səbr etmək qalır.
***
Bir anlıq ötən illərdəki “Neftçi” və “Xəzər Lənkəran”ı yada salın. Keçmiş və indiki rəhbərliyi Bakı klubunu normal təhvil-təslim etsəydi, komandanın düzgün olmayan yönətimi üzündən borclar yığılıb qalmasaydı, bu səbəbdən strategiyası dəyişməsəydi, flaqman yenə medallar uğrunda mübarizə aparardı. “Xəzər Lənkəran” haqda da oxşar sözlər demək olar. Mais Mənsimov – Tuyqun Nadirov cütlüyü Mübariz Mənsimovu aldadıb klubu müflis duruma salmasaydı, komandanı qadağalarla üz-üzə qoymasaydı, bu komanda da indi medallar uğrunda yarışırdı. Bu marafona “Qarabağ”, “Qəbələ” və eyni idarəçilik problemlərindən əziyyət çəkən “İnter”i də gəlin. Bax, o zaman Premyer Liqanın səviyyəsini görməyə dəyərdi. Amma…
***
Baş hakim Rəhim Həsənovun bir sıra kritik qərarlar verdiyi, amma böyük ölçüdə ağırlığına tab gətirdiyi bu oyun tarixə qovuşdu. 1:1 hər iki tərəf üçün əlverişli oldu – uduzmaqdansa, heç-heçə daha yaxşıdı. İndi “Qarabağ”la oyunöncəsi “Neftçi”nin də, klubdaxili problemlərə görə tənqid hədəfi olan “Xəzər Lənkəran”ın da nəfəs almaq imkanı var.
Ancaq Erik Ramosun hərəkəti “Neftçi”də hələ də köhnə dövrlərin ruhunun qalmasına işarədi. Dizindən əməliyyat olunan, oyunun gedişində ayağında problem yaranan Orxan Sadıqlı hətta topu vaxt uzatmaq üçün kənara vurmuşdusa da, bakılılar topu rəqibə qaytarmalı idi. Belə bicliklər də futbolun içində daim var. Ramos “Fair Play” qaydalarına tüprməklə komandasına heç nə qazandırmadı, həmin 1 dəqiqə ərzində “Neftçi” qol vurmadı, əvəzində həm azarkeşlərin, həm jurnalistlərin, həm də məşqçilərin qınağına tuş gəldi. Bu, “Böyük oyun”un kiçik qələti idi.
AĞA
Shares: