Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində baş tutan “Zirə” – “Rəvan” oyununu “1-cilərin mübarizəsi” də adlandırmaq olar. Ötən mövsümü 1-ci divizionda keçirən və ilk iki pillədən heç birinə yüksələ bilməyən, lakin “eksklüziv qərar”la elitaya yüksəldilən iki klubun mübarizəsində sevinən tərəf meydan sahibləri oldu. Amma oyunla bağlı bəzi mənfi məqamlara diqqət yetirməyə dəyər.
İlk olaraq, meydan sahiblərinin iştirak ərizəsinə adı salınmayan Nicat Qurbanovun komanda yoldaşı Nelsonun topu ram edə bilməməsinə kəskin şəkildə reaksiya verərək, ucadan səsləndirdiyi “şikəst” sözünə dair qeydimiz var. Burada futbolçunun matçı kənardan izləyərək, əcnəbinin oynamasına qısqanclıq hissini büruzə verməsi ilə yanaşı, komandadakı təlim-tərbiyə işlərinin də qaydasında olmadığını söyləyə bilərik.
Eyni zamanda, müxtəlif epizodlarda “Zirə”nin meydandakı futbolçularının bir-birlərinə kəskin şəkildə etiraz etmələri də Adil Şükürovun komandasında daxili nizam-intizamın qaydasında olmamasından xəbər verir. Özü də nəzərə alın ki, bu, “Zirə”nin qalib gəldiyi görüşdə baş verir. Bəs "qartallar" sanballı komandalara qarşı oyunda məğlub duruma düşdükdə nələr baş verəcək? Şükürov məşqçiliyə yeni başlayıb və ona məsləhitimiz budu ki, futbolçuların ipini yığsın. Çünki intizamsız komanda heç vaxt nəticə qazana bilməz. Hətta ən bahalı futbolçuları bir araya toplasa belə.
Bir neçə kəlmə də, məşqçilik yükünün altına girən “Rəvan”ın “sükanı arxası”ndakı Emin Quliyev haqda. Gənc çalışdırıcı futbolçu vaxtlarında emosionallığı, sözü kəskin şəkildə deməsi ilə seçilirdi. Ancaq Quliyev bu gün baş məşqçidi və işlətdiyi ifadələrə diqqət yetirməlidi. Müdafiə xəttindən olduqca narazı qalan mütəxəssis, bunu açıq şəkildə KİV təmsilçiləri qarşısında dilə gətirməməlidi. Çünki “daxili mətbəx”də futbolçulara nələrisə deyə bilərsə, aləm xəbər tutduqda, bu, elə həmin ampluanın oyunçularını sındıra bilər. İstər psixoloji baxımdan təzyiq altında qalırlar, istərsə də, özlərini gərəksiz hesab edirlər və ilk imkan düşəcəyi məqamda onlara qapınını göstəriləcəyi düşüncələri ilə meydana çıxırlar. Emin bəy Fərid Quliyevdən narazılığını da aşkar formada dilə gətirib. Hücumçudan ifrat dərəcədə xoşu gəlməyən baş məşqçi bunu da rəsmi açıqlamalarda dilə gətirməməlidi. 
Adil Şükürov və Emin Quliyevə daha təcrübəli məşqçilərdən nümunə götürməyi tövsiyə edərdik. Məsələn, Yunis Hüseynov hazırda ən çox əziyyət çəkən Premyer Liqa məşqçisidi. Amma təcrübəli çalışdırıcı bunu elə qapalı şəkildə diqqətə çatdırır ki, hamı sətirarası hər şeyi başa düşsə də, açıq formada heç nədən gileylənmir. Hüseynov oyunçu qıtlığından az qalır özü meydana girsin, ancaq bu mövzuda sual gələrkən, əlindəki materialdan maksimum yararlanmağa çalışdığını önə çəkən çalışdırıcı yaranmış problemin səbəbkarı olmadığını sətirarası diqqətə çatdıra bilir.
Yazını yekunlaşdıraraq, gənc mütəxəssislərə daha təcrübəlilərdən diplomatiyaya öyrənməyi tövsiyə edərdik. Çünki baş məşqçi fakitiki olaraq, komandanın simasını müəyyənləşdirən şəxsdi və məhz onun açıqlamaları klub prezidenti qədər əhəmiyyət kəsb edir.
CEYHUN ƏLİYEV
Shares: