“Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən və “Böyük oyun” adlanan matçlarda azarkeşlər arasında dava-dalaş, iğtişaşlar demək olar ki, hər dueldə yaşanır. PFL bunun qarşısını almaq üçün qonaq azarkeşlərin stadiona girişini qadağan etsə də, bu da bir çox hallarda səmərə vermir. Fanatlar yenə də hansısa yollarla tribunalara daxil olmağı bacarır.
Dünən “Bakcell Arena”da keçirilən qarşılaşmada da bu cür olayların şahidi olduq. Belə ki, 2-ci hissənin gedişində cənublular hesabı bərabərləşdirdikdən sonra stadionun 3A sektorunda fanatlar arasında gərginlik yaşandı. Polis bir neçə azarkeşi həbs edib. Baş verənlərlə əlaqədar "ağ-qaralar"ın fəal azarkeşlərindən olan Ramil Tarverdiyevlə əlaqə saxladıq:
“Qadağa olmasına baxmayaraq, “Xəzər Lənkəran” azarkeşləri tribunaya daxil olub, matçı izləyirdi. Problem də buna görə yaşanıb. Cənublu tərəfdarlar qola kimi səslərini çıxartmırdılar. Çox güman ki, onlar vurulan qola sevinəndən sonra dava-dalaş başlayıb. “Neftçi” azarkeşlərindən də 2 nəfər həbs olunub. Amma sonradan onları buraxıblar. Tutulanlar hazırda rəsmi fəaliyyətini dayandırmış “Neftçimania” fan-klubunun üzvləri olub. “Xəzər Lənkəran” azarkeşləri çox güman ki, fan-klub üzvləri deyildi. Çünki əllərində heç bir atribut yox idi”.