Bu gün “Qafqaz Point” otelində “Qəbələ”nin mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə Türkiyənin “Sarar” şirkəti arasında geyim sponsorluğu müqaviləsi imzalanıb və kluba yeni kommersiya direktoru vəzifəsinə Mustafa Aztopal gətirilib.
Toplantıdan sonra "qırmızı-qaralar"ın futbol direktoru Toni Adams komandanın Avropa Liqasının qrup mərhələsindəki oyunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:
“Açığı, komandamızın Avroliqanın qrup mərhələsinə düşəcəyinə inanmırdım. Çünki “Qəbələ” 10 il tarixi olan klubdu. Pley-offda “Panatinaikos” kimi rəqiblə qarşılaşdıq. Onları da mübarizədən kənarlaşdırıb, qrupda oynamaq imkanı qazandıq. Açığı, qrupa düşmək bu mövsüm hədəfimizdə yox idi. Bir növ hədəflərimizi qabaqladıq. Biz daha çox Azərbaycan Premyer Liqasında çempionluq barədə düşünürdük”.
O, qrupdan çıxa biləcək qədər güclərinin olduğunu da gizlətməyib: “Qəbələ” qrupa düşənə qədər 4 mərhələ keçib, müxtəlif rəqibləri mübarizədən kənarlaşdırıb. Təbii ki, üstün olduğumuz komandalardan “Panatinaikos”u xüsusi qeyd etməliyəm. Bu bəs edər ki, qrupdakı rəqiblərimiz “Qəbələ”yə hörmətlə yanaşsınlar. Əgər buraya qədər gəlmişiksə, niyə də qrupdan çıxmayaq? Amma Avroliqanın qrupuna vəsiqə qazanmağın özü bizim üçün böyük nailiyyətdi”.