Bu yay “Xəzər Lənkəran”la yollarını ayıraraq, Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Balıkəsirspor"a keçən syerra-leoneli yarımmüdafiəçi Alfred Sankonun futbolinfo.az saytına müsahibəsi:
– “Xəzər Lənkəran”dan ayrılmağına aydınlıq gətirərdin. Klubun transfer qadağası olduğu halda səni niyə heyətdən kənarlaşdırdı?
– Dəqiq səbəbini bilmirəm. Amma rəhbərlik mənə dedi ki, sənin maaşını vermək bizə çətinlik yaradır, buna görə də komandadan getməlisən.
– Bəs, transfer vərəqəni necə aldın?
– Mənə dedilər ki, 2 ayın maaşını səndən alacağıq və sənə azad transfer hüququ verəcəyik. Başqa çarə olmadığı üçün razılaşdım.
– Komandada qalmaq istəyirdin?
– Yox. İndi çox xoşbəxtəm. Orada xoşbəxt deyildim və özüm də getmək istəyirdim. "Xəzər Lənkəran"da oynadığım müddətdə maaşımızı çox çətinliklə alırdıq.
– Ümumiyyətlə, Lənkəran klubunda haqsızlıqla üzləşmişdin?
– Bəli. Hətta bir dəfə zədəli olduğum üçün “Neftçi” ilə matça çıxa bilmədim. Buna görə mənə qarşı saxtakarlıq oldu. Klubun həkimi və baş məşqçi mənim bəhanə gətirdiyimi deyərək, maaşımdan 10 min dollar kəsmişdilər.
– Rəhbərliyə bunu deyə bilmədin?
– Mən baş məşqçi Elbrus Məmmədovla danışdım. Ona dedim ki, mən meydana çıxa bilməyəcəm. Amma o, bunu klub prezidentinə deməyə qorxdu. Həkimlə söhbət edəndən sonra mənə istirahət verdilər. “Qəbələ” ilə matçda istirahət etməyə imkan yaratdılar. Sonra isə hesabat hazırladılar ki, guya mən bilərəkdən çıxış etmirəm. Yalandan oynamıram. Ümumiyyətlə, bu klubda çox böyük yalanlar gördüm.
– Səni tez-tez zədələnməkdə ittiham edirdilər, ya necə?
– Əlbəttə. Amma bunun səbəbi mən deyildim, stadionlar hamısı süni idi və bu, zədəyə gətirib çıxarırdı.
– Əvvəlki açıqlamanda demişdin hələ də “Xəzər Lənkəran”da pulun qalıb…
– Bəli, qalıb.
– Nə qədər?
– Onlar mənə dedikləri vaxtda pulu vermədikləri üçün cərimə də ödəməlidirlər. 53180 dollar mənə borcları var. Ayrıca da 4555 manat verməlidirlər.
– 4555 manat nə üçün?
– Mənim maaşımı saxta yolla kəsdikləri üçün. Onlar oktaybrın sonuna qədər pulu az-az ödəməlidirlər. Əgər oktyabrın sonuna qədər bu pulu verməsələr, ondan sonra 2 qatını ödəyəcəklər.
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp