“Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyevin futbolinfo.az saytında müshaibəsi:
– “Qarabağ”la son turda keçirilən matçla bağlı fikirlərini bilmək maraqlı olardı…
– Çətin oyun olacağını bilirdik. “Qarabağ”ın gücü hamıya bəllidi, Avroliqada çıxış edən yüksək səviyyəli komandadı. Fikrimcə, rəqibə qarşı layiqli mübarizə apardıq. Əlimizdən gələni etdik. Amma səhvlərimizdən qollar buraxdıq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm, onlara avrokuboklarda uğurlar arzu edirəm. 
– Geridə qalan 5 turu “Kəpəz” üçün necə dəyərləndirərdin? Səncə, komandanız bu gün layiq olduğu yerdə qərar tutub?
– Xeyr, mən belə düşünmürəm. Həqiqətən, şablon söz kimi demirəm, layiq olmadığımız yerdəyik. Çünki lazımsız xallar itirmişik. Yaxşı çıxış edib, lakin qələbə qazan bilmədiyimiz oyunlar olub. Amma çempionat hələ təzə başlayıb, qarşıda 31 tur var. Bu görüşlərdə komandamızın layiqli yerini tutacağına inanıram. Fikrimcə, “Kəpəz” buna layiqdi və qadirdi.
– “Qarabağ”la matçda ən yaddaqalan hadisələrdən biri qardaşın Coşqun Diniyevin fərqlənməsi oldu. Ümumiyyətlə, onunla bu haqda söhbət etmisən?
– Mətbuatda bəzi yazılar çıxdı ki, Coşqun özü belə edib. Həmin epizodda qol vurmaq lazım idi və o da öz işini gördü. Penalti lotereyadı. Vura bilməsəydi, onda da başqa cür yozacaqdılar. Başqa heç nə deyə bilmərəm, o sadəcə, işinin öhdəsindən gəldi. 
– Atanın rəhbərliyi altında çıxış etməklə, digər məşqçilərin rəhbərliyi altında çıxış etməyin nə kimi fərqləri var?
– (dərindən köks ötürür) Fərq ondadı ki, hər gün məşqdə gördüyüm insanı axşam evdə də görürəm. Bütün məşqçilərə hörmət edirəm. Hər bir məşqçinin taktiki sxemi, futbol görüşü var. Belə baxanda futbolun dili birdi. Düzdü, atamla işləmək çox rahatdı. Çünki bir-birmizi yaxşı anlayırıq, oyun fəlsəfəmiz üst-üstə düşür. 
– Maraqlıdı, Şahin bəy evdə də sənə öz tövsiyyə və iradlarını bildirirmi?
– Evdə futbol barəsində çox danışmağı xoşlamırıq, əsasən, şəxsi işlərimizdən söhbət açırıq. Düzdü, arada, öz məsləhətlərini bildirir. Amma futboldan danışmağa çox üstünlük vermirik. Komandayla iclaslar vaxtı məni digər futbolçulardan ayırmır, hamı kimi iradları bildirir.
– Sənə əsas iradları nə olur?
– Tutulan iradlar oyunda-oyuna dəyişir. Məsələn, tutaq ki, son matçda irəli oynaya bilərdim, amma geriyə çəkildim. Bu oyunda etdiyim səhvi deyir, növbəti matça düzəltməyə çalışram. Olur ki, növbəti matçda başqa bir səhv buraxıram. 
– Coşqun yaşca səndən kiçika olsa da, artıq səni qabaqlayıb – milli komandanın və “Qarabağ”ın üzvüdü…
– Bu barədə heç nə deyə bilmərəm. Allah onun yolunu açıq etsin. Mən onun uğurlarına çox sevinirəm. Şablon söz kimi qəbul edilməsin, səmimi deyirəm. Şadam ki, doğma qardaşım belə yerlərə gəlib çıxıb. Ümid edirəm ki, onun uğurları ilə daha da fəxr edərik.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp