“Rəvan”ın müdafiəçisi Ruslan Tağızadənın futbolinfo.az saytına müsahibəsi: 
– Son turda “Zirə” ilə görüşdə uğur qazanmağınıza nə mane oldu?
– “Neftçi”yə məğlubiyyətdən sonra “Zirə” ilə görüşdə bunun əvəzini çıxmaq istəyirdik. Nə qədər çalışsaq da, öz səhvlərimiz ucbatından istəyimizə nail ola bilmədik. 
– Artıq 5 tur geridə qalıb, çıxışınızdan razısanmı? Sənə də elə gəlirmi ki, “Rəvan”da problemlər çoxdu…
– İlk 5 turdakı oyunlarımıza nəzər salsaq, nəticəmizi heç də yaxşı qiymətləndirmirəm, 9-cu pillədəyik, hesabımızda qələbə yoxdu. Komandada nə kimi dəyişikliklərə ehtiyac olduğunu məşqçilər heyəti daha yaxşı bilər. 
– Baş məşqçiniz Emin Quliyev “Zirə” ilə oyundan sonra müdafiə xəttindən gileylənmişdi və belə olan təqdirdə gələcəkdə böyük dəyişikliklərə əl atacağını deyib. Bu, sənin də “Rəvan” karyerana ciddi təsir göstərə bilərmi?
– Komandada kimin yaxşı və ya pis oynadığına məşqçi qərar verir. Eləcə də hansı futbolçunun meydana çıxacağına… Məşqçi məhz müdafiə deyirsə, bu o demək deyil ki, bütün günahlar məhz arxa xətdəki 4 futbolçunundu. Emin Quliyev ola bilər ki, sırf məni nəzərə alıb, deməyib. Digər futbolçular haqqında da bu sözləri demiş ola bilər. Növbəti turda “Qəbələ” ilə görüşdə də fikrimcə, kimsə səhv edibsə, meydana çıxmayacaq. 
– Bəs bu turlar ərzindəki çıxışın səni qane edirmi?
– Xeyr, razı deyiləm. AZAL-da, “Qəbələ”dəki oyunumu hələ ki, “Rəvan”da sərgiləyə bilmirəm. “Qəbələ”dən ayrıldıqdan sonra müəyyən problemlərim oldu. Düzdü, bunu bəhanə etmək istəmirəm. Növbəti matçlarda var gücümü toplayıb, istədiyim oyunu göstərmək fikrindəyəm. Bu həm mənim, həm də komandanın xeyrinə olacaq. Çünki hər şey “Rəvan”la başa çatmır. Əgər “Rəvan” iddialı olar, burada qalaram, olmasa daha güclü klublara keçərəm. Hazırda məqsədim budu. 
– Növbəti turda sabiq klubun “Qəbələ” ilə qarşılaşacaqsınız. Nə hisslər keçirirsən?
– Həm sevinirəm ki, “Qəbələ”yə qarşı meydana çıxıb, oynayacam, həm də kədərlənirəm ki, sabiq klubumdu və orada karyeramın ən yaxşı günləri olub. Bu komandanın heyətində mükafatçılar sırasına düşmüşəm. “Qəbələ”nin mənim ürəyimdə dərin bir yeri var. Bu matça özümü sübut etmək üçün çıxmayacam. Sadəcə, oyunumu göstərməyə çalışacam. Komandamla da ilk qələbəni məhz, “Qələbə” üzərində qazanmaq istəyirəm. 
– Bir müddət öncə saytımıza müsahibədə Qriqorçukun sənə yetərincə şans vermədiyini bildirmişdin. Ukraynalı mütəxəssisə səni göndərdiyinə görə, yanıldığını sübut etmək üçün bu oyuna qisas hissi ilə çıxacaqsan?
– O, “Qarabağ”la matçda mənə şans verdi, oyunumu göstərə bildim. Həmin vaxt çıxışımdan razı qalmışdı. Ardınca, “Simurq”a 3:0 məğlub olduğumuz görüşdə meydana çıxdım. Həmin qarşılaşmada səhvim olmadığı halda məni ehtiyata göndərdi. Əgər hər futbolçu səhvlərinə görə ehtiyatda qalmalıdısa, “Simurq”la oyunun 1 nömrəli günahkar Bezatosnı idi. Yəqin ki, onun zaqatalalılarla görüşdə buraxdığı 2 uşaq səhvi yadınızdadı. Əgər mənə inanmırsınızsa, oyuna yenidən baxa bilərsiniz. Onda görəcəksiniz ki, meydanda can qoyanlar kimlər idi. Ona qarşı heç bir qisasım yoxdu. Qriqorçuk gəldi-gedərdi, amma “Qəbələ” mənim üçün doğmadı. Ümid edirəm ki, gələcəkdə yenidən bu komandaya qayıdacam. 
– Bu oyundan sonra Qriqorçuk yenidən “Qəbələ”də oynamağı təklif etsə, gedərsən?
– Hazırda “Rəvan” haqqında düşünürəm. Əgər elə bir təklif gəlsə, ilk növbədə klub rəhbərliyi ilə söhbət edərəm. Onların məsləhətinə uyğun hərəkət edərəm. Hər bir futbolçunun arzusudu ki, “Qəbələ”, “Qarabağ” kimi avrokuboklarda iştirak edən komandanın heyətində çıxış etsin. Mən də hamı kimi bu cür iddialı komandaların birinin şərəfini qorumaq istərdim. Əgər bu cür təklif gələrsə, istərdim ki, bu şansı dəyərləndirim. Amma hazırda mənim düçüncəm “Qəbələ” ilə qarşılaşmada Ruslana yaraşan oyun sərgiləyim və ilk qələbəmizi qazanaq. 
– Keçən dəfə saytımıza verdiyin müsahibədə Aleksey Antonovun “Qəbələ” səviyyəsində futbolçu olmadığını demişdin. Necə düşünürsən, qarşıdakı oyunda Antonova qarşı oynamaq sənin üçün asan olacaqmı?
– Heç vaxt mənə qarşı çıxış edəcək rəqibimi əksiltmərəm. Sadəcə, Antonovun “Qəbələ”yə uyğun futbol oynamadığını demişəm. Həyatdı, hər şey ola bilər. Birdən elə alına bilər ki, həmin gün Antonovun günü ola bilər. Mən bunu həmin vaxta görə demişdim. Amma son vaxtlar normal oyun sərgiləyir: “İnter”lə oyunda qol vura bildi, PAOK-la matçda normal oyun sərgilədi, “Sumqayıt”a qarşı da pis çıxış etmədi. Yəqin ki, “Qəbələ” rəhbərliyi potensialı olduğuna görə, onu komandaya gətirib. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp