5 oyuna 2 xal toplayan “Rəvan”da yenə vəziyyət qarışıb. Uğursuzluq olan kimi çarəni baş məşqçini dəyişməkdə görən klubun sahibi Nuru Əliyev növbəti “zəlzələ”yə hazırlaşır.
 
Əslində, “Rəvan”ın bu aqibətlə üzləşəcəyi çoxdan bəlli idi. İlk turlardakı əzmkar oyun, qazanılan 2 xal aldadıcı sayılırdı və əsasən daha çox rəqiblərin start motivasiyasızlığının nəticəsiydi. Rəqiblər formaya düşdükcə “aslanlar”ın əsl səviyyəsi üzə çıxdı. Belədə tələsik ortada qalan futbolçuları yığıb çempionata qatılan “Rəvan” uğursuzluğa uğradı.
 
Artıq əzmkarlıq nəticə qazanmaq üçün yetərli deyil, futbolçuların fərdi bacarığı, ustalığı həlledici rol oynayır. Belə futbolçular isə paytaxt təmsilçisində yoxdu. Elə olmasaydı, komandanın baş məşqçisi Emin Quliyev də futbolçulara məsxərəyə qoyarcasına konkret adlar çəkib onları məcburiyyətdən oynatdığını deməzdi.
 
“Rəvan”ın oyunundakı eniş təkcə bununla bağlı deyil. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, futbolçu və məşqçi heyəti arasında da ciddi problemlər var. Quliyev və köməkçilərinin futbolçularla ünsiyyətində, davranışında yol verilən xətalar indi onların özünə qarşı çevrilib. Oyunçularla söhbətdə korrektəolunmamış ifadələr, onlara yolverilməz tərzdə münasibət hamını narazı salır. Elə bu səbəbdən komandanı ayaq üstə saxlayan bir neçə aparıcı futbolçu da ruhdan düşüb və ilk turlardakı istəklə mübarizə aparmır. Onların işə barmaqarası münasibəti vəziyyəti daha da gərginləşdirir və “Qəbələ”ylə növbəti oyundan sonra çox hadisələr baş verə bilər.
 
Təbii ki, növbəti məğlubiyyətdən sonra nəticəsizlikdən və futbolçuların məşqçilərlə prinsip üzündən bilərəkdən zəif oynamaları sonucunda ayrılıqlar qaçılmaz olacaq. Mövsümün gedişində futbolçu heyətinin göndərilməsi mümkünsüz olduğundan “Rəvan” rəhbərliyi məşqçi korpusunu dəyişməyə məcburdu. Nuru Əliyevin də məhz belə addım atacağı ehtimal olunur.
 
Ancaq “Rəvan”ın çökməsini yalnız futbolçu – məşqçi münasibətlərinə də bağlamaq olmaz. Bir-biri ilə didişən bu şəxslər həm də maddi sıxıntılardan əziyyət çəkir. Maaşların yubanması üzündən kollektivdə əhval-ruhiyyə dözülməz həddədi. AFFA-dan ayrılan maliyyə dəstəyinin yubanması azmış kimi, klubun əsl sahibləri də futbola hər hansı yardım etmir. Deyəsən, oğlunun adını verdiyi klubun hamıya aşağıdan yuxarı baxması Nuru Əliyevin də xoşuna gəlir. O, kluba maliyyə ayırmaqdansa, onu başından etməyi düşünür, dövlətin idman siyasətiylə bağlı strategiyasını vecinə almır.
 
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp