Topaz Premyer Liqası start götürəndən bəri ev oyunlarını doğma arenada keçirməyə həsrət qalan AZAL 7-ci turdan etibarən yenidən yuvasına qayıtmağa yaxındı. Örtüyün yararsız durumda olmasına baxmayaraq, “təyyarəçilər” aparılan bərpa işləri hesabına vəziyyətdən çıxmağı bacarıblar.
 
Cari mövsümdə ev oyunlarını “Dalğa Arena”da keçirən AZAL-ın dadına “EDEL QRASS” kompaniyası çatıb. Meydançanı təftiş edən “zanbağlar ölkəsi”nin təmsilçiləri süni otun sıradan çıxmadığını bildiriblər. Bu qənaətə onlar laborator analizlərdən sonra gəliblər. Ancaq meydançadakı rezin dənicəklərin sıradan çıxdığını AZAL rəhbərliyinin diqqətinə çatdıran şirkət 10 tona yaxın dənəciklərin səpilməsini tövsiyə edib. Eyni zamanda meydançaların yüklənməsi, habelə xidmətin yüksəldilməsi də məsləhət görülüb.
 
Bütün tövsiyələrə əməl edilidikdən sonra arenada AZAL-ın yalnız əsas komandasına məşq etməyə icazə verilib. Artıq bütün təmir-bərpa işləri başa çatıb və yaxın günlərdə PFL-ə təftiş aparılması üçün rəsmi müraciət ediləcək. Komissiya meydançanın yararlı vəziyyətdə olduğunu təsdiq edəcəyi təqdirdə, AZAL “Rəvan”ı doğma arenada qəbul edəcək.
 
Qeyd edək ki, Topaz Premyer Liqasında qol və xal üzünə həsrət qalan yeganə komanda olan AZAL “Rəvan”ı oktyabrın 2-də qəbul edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp