“Neftçi”nin gənc hücumçusu Fəhmin Muradbəylinin futbolinfo.az-a müsahibəsi:
– İlk olaraq “Xəzər Lənkəran”la matç haqda fikirlərini bilmək maraqlı olardı. Bu oyunda qalib gəlməyinizə nə mane oldu?
– “Xəzər Lənkəran”la matç həmişəki kimi gərgin keçdi. Oyunun əvvəlində penaltidən yararlana bilsəydik, fikrimcə, qarşılaşma bizim üçün daha da yüngülləşəcəkdi. Rəqib 10 nəfərlə qaldıqdan sonra oyun bizim üçün daha əlverişli oldu. Lakin əfuslar olsun ki, heç nədən qol buraxdıq.
– Penalti zamanı topa yaxınlaşmaq haqda düşünürdünmü?
– Bəli, penaltini vurmaq istəyərdim. Amma Araz Abdullayev kapitanımızdı, o, topu götürdü deyə, nəsə deməyə haqqım çatmırdı. Əsas komandamızın qalib gəlməsi idi. Topa kimin yaxınlaşmasının fərqi yoxdu. 
– Artıq 5 tur geridə qalıb. Bu dövrü “Neftçi” üçün necə dəyərləndirərdin?
– Arxada qalan 5 tur “Neftçi”nin adına yaraşmır. Fikrimcə, bərabərliklə başa çatan 2 görüşdə də qalib gəlməli idik. 4 oyunda qalib gələn tərəf biz olmalıydıq. Amma qismət beləymiş. Gələn turlarda qələbə qazanıb, turnir cədvəlində layiqli yerimizi tutmağa çalışacağıq. 
– Sənə gənc yaşında forma şansı verən Samir Əliyevdi. Əsasən, hansı xüsusiyyətlərinə görə sənə oynamaq imkanı yaradıb? 
– Əvvəlcə, başda Samir Əliyev olmaqla, bütün məşqçilər heyətinə "çox sağol" demək istəyirəm ki, mənə şans veriblər. Məşqlərdə öz üzərimdə can yandırıdım, çox çalışırdım. Samir Əliyev də bunu gördü və mənə imkan yaratdı. Fikrimcə, ilk oyunumda onun ümidlərini doğrulda bildim. Məşqçilər korpusunun fikrincə, sürətli reydlərim var. Ona görə də meydana buraxırlar. Mən də əlimdən gələn qədər onların ümidlərini doğrulduram.
– Samir Əliyevin məşqləri necədi? Əsasən, hansı xüsusiyyətlərinə görə seçilir?
– Məşqlərdə həmişə öz göstərişlərini, tövsiyyələrini verir. 
– “Neftçi” əsasən, gənc futbolçulardan qurulan komandadı. Liderliyi öz üzərinə götürə bilərsənmi?
– Heyət gənc futbolçulardan qurulub. Niyə də yox? Hər şey insanın özündən asılıdı. Çox istərdim ki, komandanın liderlərindən birinə çevrilim. Fikrimcə, bu, hər futbolçunun istəyidi. Liderliyi düşünməyən oyunçu, mənə elə gəlir ki, gələcəkdə artıra bilməz.  
 
– “Rəvan”la matçda etdiyin dubl “Xəzər Lənkəran”a qarşı görüşdə sənə nə mənada müsbət təsir göstərdi?
– Məndə özünəinamı artırdı. Cüzi də olsa “Xəzər Lənkəran”la oyunda həyəcanımı azaltdı. Matçın gərgin keçəcəyini bilirdim, məsuliyyətini dərk edirdim.  Ümumi desək, “Rəvan”la görüşdəki dubl “Xəzər Lənkəran” qarşısında mənə çox kömək oldu. 
– Gənc futbolçusan, hazırda diqqət mərkəzindəsən. Amma keçmişə nəzər salsaq, Azərbaycanda çox olub ki, futbolçular gənc yaşda bir neçə uğurlu oyundan sonra “ulduz xəstəliyi”nə tutulub və sonradan getdikcə əvvəlki formasını itirməyə başlayıb. Misal olaraq, komanda yoldaşın Araz Abdullayevin adını çəkmək olar. Amma tam əksinə Qara Qarayev kimi futbolçular da var ki, gənc yaşda parlasalar da, indiyədək stabil oyun nümayiş etdirirlər. Sən necə, gələcəkdə bunlardan hansı olmaq istərdin?
– Mən elə Fəhmin olmaq istərdim. “Ulduz xəstəliyi”nə tutulacaq qədər Azərbaycan futbolunda hələ ki, heç nə etməmişəm. İnanıram ki, heç vaxt da bu xəstəliyə tutulmaram. Məşqçilərim də, valideyinlərim də çalışır ki, məndə belə şeylər olmasın. 
– Qarşıda milli komandanın oyunları var. Robert Prosineçkidən dəvət gözləyirsən?
– Əsas milliylə yanaşı 21 yaşlılardan ibarət yığma komandamızın da matçları var. Hələ 2 oyunda meydana çıxmışam. Əsas yığmaya düşmək üçün gərək stabil olaraq, bütün oyunlarda meydana çıxım. Amma təklif gəlsə, çox sevinərəm. Bu, hər futbolçunun arzusudu. 
– Ümumiyyətlə, özünü millidə oynamağa hazır sayırsanmı? Buna gücün çatarmı?
– Niyə də yox? Banişevski 19 yaşında SSRİ yığmasında çıxış edibsə, mən niyə oynamayım? Bunun üçün məşqlərdə də çalışıram. Tez bir zamanda da əsas milliyə dəvət almaq istərdim.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp