Dünən Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “İnter” öz meydanına “Kəpəz”i (1:0) məğlub edib. Qarşılaşmadan sonra “bankirlər”in hücumçusu Nizami Hacıyev futbolinfo.az saytına müsahibə verib:
– Matçdan öncə rəqibi təhlil etmişdik, çətin olacağını bilirdik. Getdikcə oyunlar ağırlaşır. Həm də qalib gəldikcə, rəqiblər də növbəti tur bizə qarşı ciddi hazırlaşır. Əsas olan 3 xal idi. 1 nəfər azlıqda qalmağımıza baxmayaraq, onu da qazana bildik. “Qarabağ”la növbəti turdakı qarşılaşmamız çətin olacaq. Həmin oyunda da uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. 
– Nəticəni bir kənara qoysaq, meydanda sərgilədiyiniz oyundan razısanmı?
– Oyundan tam razı qaldığımı deməzdim. Bizdə həm maliyyə, həm də heyət probelmlərimiz var. Əgər ötən mövsüm olduğu kimi hər mövqedə 2-3 futbolçumuz olsa, pis oynadığımızı deyərdim. Amma belə deyək də, bu gün bizə 3 xal lazım idi, onu da qazandıq. Oyunumuzun necə olmasını matçdan sonra baş məşqçi bildirəcək. Mən də daxil olmaqla bəzi futbolçularımız yorğun idi. 
– Bayaq maliyyə məsələsini qabartdın. Sonuncu dəfə nə vaxt maaş almısınız?
– Ötən ilkinə nisbətən maaşlar çox cüzi miqdardadı. Maliyyə cəhətdən “İnter” hazırda çox bərbad durumdadı. Sonuncu dəfə maaşı 4-5 gün əvvəl almışıq. Heç hansı ayın maaşı olduğunu da bilmirəm. 
– Bəs, qələbələrə görə mükafatlar verilir?
– Xeyr, sırf maaş verilir. Hər oyunda qazandığımız 3 xal bizim üçün mükafatdı. Artıq 6 tur arxada qalıb, bundan başqa avrokuboklarda da eyni sayda oyun keçirmişik.  Hesablasaq, 12 matç edir. Bu qədər oyun keçib, amma hələ də klub rəhbərinin kim olduğu bilinmir. Yəni bir nəfər gəlib, demir ki, “ay qardaşlar bu komandanın rəhbəri mənəm, vəziyyət belə olacaq”. Ona görə də bütün futbolçular öz işinə peşəkar səviyyədə yanaşır və yeganə məqsədimiz 3 xal qazanmaqdı. Artıq ardıcıl 3 oyundu qalib gəlsək də, ortada heç nə yoxdu. Bilmirik kimlə mübarizə aparaq, dalaşaq ki, bu komandaya yiyə dursun. Danışılası bir vəziyyət deyil. 
– Belə olan vəziyyətdə ilk dövrədən sonra və ya mövsümün axırında komandanı dəyişmək fikrin varmı?
– Yaxşı təklif olsa, müzakirə etmək olar. Amma eyni şəraitə malik malik başqa komandalarda çıxış etməkdənsə, elə burada qalaram. “İnter” doğma klubumdu. Amma yenə də bu acınacaqlı durumdan çıxacağımızı arzu edirəm. Başqa heç bir ümidimiz yoxdu, yalnız arzu edə bilərik.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp